Xocalıda nəhayət soyqırımı muzeyi açılmalıdır! - Deputat
    • 3-11-2023, 12:40
    • 265

Xocalıda nəhayət soyqırımı muzeyi açılmalıdır! - Deputat

Azərbaycan Ordusunun 19-20 sentyabr tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd şəhərləri separatçılardan təmizləndi.

News24.az xəbər verir ki, artıq bu il Xocalı soyqırımının ildönümünü elə şəhərin özündə yad edəcəyik.

Maraqlıdır, Xocalıda Soyqırımı muzeyi yaradıla bilərmi? Faciəni bu il elə şəhərin özündə yad etməyimiz nə anlam verəcək?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov xatırladıb ki, ermənilər bir gecənin içərisində bəşəri cinayət törədib:

“Biz 4 il ermənilərin mühasirəsində yaşadıq, onlarla döyüşdük. Çox təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblərdən məğlub olduq. O dövrdə respublikaya rəhbərlik edənlər və bizim gücsüzlüyümüz, eləcə də ermənilərin güclü hazırlığa malik olması, xarici dövlətlərin, xüsusilə Rusiyanın yardımını alması üzündən məğlub olduq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Sovetlər İttifaqına aid 366-cı motoatıcı alayın tam köməyi ilə Xocalıda soyqırımı törətdilər. 613 nəfər günahsız dinc insanımız şəhid oldu. Şəhid olanların hamısı təbii ki, mənim üçün əzizdir. Doğma anam da şəhid oldu. Qaynatamgilin demək olar ki, bütün ailəsi şəhid oldu. Xocalıda elə ailə olmadı ki, şəhid olanı, itkin düşəni olmasın. Ermənilər bir gecənin içərisində bəşəri cinayət törətdilər. Bu soyqırımını dünyanın 10-dan çox dövləti tanıyır. Bir sıra dövlətlərin parlamentləri dinləmələr aparıblar. Soyqırımının canlı şahidləri var. Eləcə də çoxlu videoçəkilişlər, şəkillər mövcuddur”.

E.Məmmədov soyqırımının tanıdılması istiqamətində işlərin dayandırılmamalı olduğunu vurğulayıb:

“İndi bizimlə düşmənçilik aparan və ermənidən çox ermənilik edən Fransa dövlətinin Oradore de Sure şəhəri var. İkinci Dünya Müharibəsi zamanı almanlar 800 nəfər əhalisi olan şəhəri tam mühasirəyə alıblar. Səhər-səhər şəhərdən çıxıb gedənlər sağ qalıb. Qalan əhalini kilsəyə yığıb, qapını bağlayıblar. Onların hamısını yandırıblar. Mən oraya soyqırımına məruz qalmış şəhərin nümayəndəsi kimi getmişəm. Orada soyqırımı muzeyini görmüşəm. Almanların yandırdığı ərazi kilsə ilə bir yerdə qoruq elan olunub. Soyqırımı yeri olduğu kimi saxlanılır. Bütün evlərin üzərinə ayrı-ayrı yazılar yazılıb. Yazılarda evdə neçə nəfərin yaşadığı, neçə nəfərin öldüyü qeyd olunub. Yəni muzey məsələsi çox aktual və vacibdir.

Soyqırımını unutmamaq, dünyaya daha yaxşı tanıtmaq üçün Xocalının həmin gecə yandırılmış, dağıdılmış yerləri qoruq və muzey olaraq hazırlanmalıdır. Bu, nəsillərə qan yaddaşı kimi yadigar qalmalıdır”.

Deputat bu il Xocalı soyqırımının ildönümünü qalib xalq kimi qeyd etməyimizin vacib olduğunu söyləyib:

“Xocalı soyqırımını bu il Xocalıda yad edəcəyik. Bu çox vacibdir. Biz artıq fevralın 26-nı məğlub kimi yox, qalib dövlət və xalq kimi yad edəcəyik”.