Metroya sərnişinlərin növbə ilə buraxılmasının SƏBƏBİ
    • 4-11-2023, 20:21
    • 373

Metroya sərnişinlərin növbə ilə buraxılmasının SƏBƏBİ

Bu gün “Koroğlu” metro stansiyası ən çox istifadəçisi olan stansiyamızıdır. Baxmayaraq ki, həmin ərazidə nəqliyyat qovşağı da yerləşir, amma bu stansiyamız son 5 ildə sərnişindaşımada lideridir. Ondan əlavə “28 May”, “Elmlər Akademiyası” və digər stansiyalarımız sərnişindaşımada xüsusi rol oynayır.

News24.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

H.Məmmədov bildirib ki, günün müxtəlif vaxtlarına uyğun olaraq da bu stanisyalarda sıxlıq müşahidə olunur. Hətta bəzən şikayətlər də olur ki, niyə metro girişlərində sərnişinlər növbə ilə buraxılır, qapılarda növbə var və s.

"Xüsusi vurğulamaq lazımdır ki, bunun əsas səbəbi sərnişinlərimizin təhlükəsizliyini düşünməyimizdir. Çöldə olan sərnişinlərin sürətli şəkildə metroya qəbul olunması bir sıra problemlərə səbəb ola bilər. Qatarların sayını artırmaq, intervalı indikindən də aşağı salmaq, platformanın sərnişin qəbuletmə ölçüsünü dəyişmək indiki texniki imkanlarla qeyri-mümkündür və digər başlıca amilləri nəzərə almaqla, sərnişin qəbulunu nizamlamaq platformada vacibdir. Sərnişinlərimizin məsələnin mahiyyətini real qəbul etməsini istəyirik, yəni bütün tədbirlərimiz sərnişinlərimizin təhlükəsizliyi üçündür".