Orta məktəblərdə kişi müəllimi qıtlığı - ARAŞDIRMA - FOTO
    • 1-04-2019, 12:31
    • 1 357

Orta məktəblərdə kişi müəllimi qıtlığı - ARAŞDIRMA - FOTO

Son bir necə ildir ki, respublikamızda fəaliyyət göstərən orta məktəblərdə kişi müəllimlərin sayı demək olar ki, azalmağa doğru gedir. Əksər rayon və kəndlərdə isə orta məktəblərin bəzilərində demək olar ki, kişi müəllimləri yox dərəcəsindədir. Universitetlərdə də müəllim olaraq təhsil alan oğlan tələblərin çoxu təhsilini bitirdikdən sonra pedaqoqluğa deyil, başqa sahələrə üz tuturlar. Belə getsə, zamanla orta məktəblərdə kişi müəllimlərinin sayı sıfıra enmə təhlükəsi ilə üz-üzə dayana bilər - bəlkə də yox... 

Hazırda müasir dövrün gəncləri daha çox maddi durumu və vəzifə yüksəlişini üstün tutur. Gənclər çox pul qazanmağa daha çox meyl edirlər. Məsələ ilə bağlı News24.az ekspertlərlə söhbət edib.


Təhsil eksperti Kamran Əsədov məsələyə belə münasibət bildirib:
"Statistikaya əsasən hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evdə də də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişiləri bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yaranmağa başladıqda müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur”.

Kamran Əsədov hazırda paytaxt məktəblərinin çoxunda hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimlərin tədris etdiyini qeyd edib: “Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən kəndlərə təyinatla kütləvi şəkildə qadın müəllimlər göndərilirdi. Bu gün müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Kişilərin sayının qadınlardan üstün olduğu həmin ölkələrdə bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi. İndi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, eləcə də formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb”.

Ekspertin fikrincə, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır:
“Dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. Bu halda müəllimi müəyyən olunan xərclərdən azad etmək lazımdır. Yəni müəllim ən az komunal xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim sağlamlığını xalqın gələcəyinə sərf edir. Buna görə də müəllimə ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.


Məsələnin ikinci tərəfi isə psixoloji problemlərlə bağlıdır. Orta məktəblərdə cavan kişi müəllimlərinin yuxarı sinif şagirdləri ilə aralarında münasibətlər çox vaxt "gərgin" olur. Psixoloq Rəvan Soltan məsələnin psixoloji tərəfini belə şərh edib. Onun sözlərinə görə, cəmiyyətdə düzgün təbliğat aparan insanların sayı azdır:
“Həyata baxdığımız zaman insanların məşğuliyyətinin iki forması olduğunun şahidi oluruq. Çünki insanların şəxsi və peşakar həyat yanaşması var. İnsan subyektiv həyatında yaşadığı üçün onu obyektivlə uyğunlaşdıra bilmir. Hətta bununla bağlı heç bir maarifləndirici məlumatı olmadığı və yaxud da yanlış maarifləndirməyə görə bu hallar baş verir. Məsələn, cəmiyyətdə müəllim işləyib nə olacaqsan deyə bir məsəl var. Bununla da insanlarda qalan həvəsi belə öldürürlər. Eyni zamanda, maliyyə məsələsi də önəmlidir. Amma insanın davranışı onun düşüncəsinin məhsulu olur. Yəni bu, düşüncə xarakteri psixologiyasıdır. Bir insanın hansı sahəni və ya peşəni seçməsi onun şəxsi yanaşmasıdır. Bəzən insanların hansısa peşəyə qarşı maraqları olmur. Amma çox vaxtda təbliğat önəmlidir. Məsələn, insanlara telefonun yaxşı olduğunu deyilən zaman elə də təsiri olmur. Amma telefonun hansı səbəblərə görə yaxşı olduğunu izah edən zaman isə insanda maraq yaranır. Bunu cəmiyyətdə təbliğ edən insanların sayı azdır. Hər bir insanın peşəkar həyatı seçməyi öz şəxsi marağıdır. İnsan müəyyən subyektiv səbəblərdən başqa sahələri seçir. Amma nəticəni götürsək, görəcəyik ki, tədris məsələsi kəmiyyət olaraq qaydasındadır. Amma keyfiyyət olaraq çox aşağıdır. Keyfiyyət aşağı olan tədris mühitində onun yalnız keyfiyyətsiz tərəfinin şahidi ola bilərik. Keyfiyyətli tədris görən bir şəxs niyə keyfiyyətli işlə məşğul olmasın”?

Psixoloq hazırda ölkəmizdə insanların əsas olaraq pul qazanmağı düşündüklərini bildirib:
“Cəmiyyətdə istənilən bir elm sahəsində olan hər şəxs müəllim, bu elmi bilən biri deyil. Çünki  bu elmi sevdirməyi və təbliğ etməyi də bacarmalıdır. Müəllim elmlə anlayışı olan şəxsə deyilmir. İnsan çox şey bilər. Amma öyrətmək məsələsi də var. Əsas orta təhsildir. Dövlət şərait yaradır. Amma insanlar sanki öyrənmək və öyrətmək istəmir. Cəmiyyətimiz qısa bir müddət ərzində pul qoyub, pul götürmək istəyir. Bizdə daha çox pul qazanmağı düşünürlər. Ölkəmizdə istənilən sahədə  kifayət qədər mütəxəssis var. Onların çoxu əvvəl pul qazana bilməyib. Amma sonradan pulu qazanmaq üçün metodikanı öyrənib, sahəni dəyişirlər. Nəticədə uğurlu şəxsə çevriliblər”.

Sevinc YASİNQIZI