-
- 7-11-2023, 17:25
- 246
Ombudsman Danimarkada işgüzar səfərdədir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Danimarkanın Kopenhagen şəhərində işgüzar səfərdədir.
News24.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Ombudsmanı Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI), Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ofisinin, Ukrayna parlamentinin İnsan hüquqları üzrə Müvəkkilinin və Danimarka İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Milli İnsan Hüquqları İnstitutlarının “İşgəncə və digər pis rəftar: Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda XIV beynəlxalq konfransında iştirak edir.
Konfransın əsas məqsədi milli insan hüquqları institutları arasında əməkdaşlığı inkişaf etdirmək, gücləndirmək və aktual məsələləri müzakirə etməkdir.
Beynəlxalq təşkilatların nümayəndələrinin, bir sıra xarici ölkələrin ombudsmanlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr barədə məlumat verib.
Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlar, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışan Səbinə Əliyeva Milli Preventiv Mexanizm mandatı çərçivəsində insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu ərazilərdə həyata keçirilən minatəmizləmə və bərpa-quruculuq işləri zamanı azərbaycanlılara məxsus kütləvi məzarlıqların aşkarlandığını, həmin şəxslərin amansız işgəncələrə məruz qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
S.Əliyeva azərbaycanlılara, o cümlədən qadınlara, uşaqlara, qocalara qarşı vandalizm aktları, qeyri-insani rəftar, işgəncə halları və aşkar edilmiş kütləvi məzarlıqlarla bağlı xüsusi hesabatların hazırlandığını qeyd edib.
Konfransda işgəncə və digər pis rəftarın qarşısının alınması istiqamətində xarici ölkələrin ombudsmanlarının təcrübələri dinlənilib və qarşıya çıxan problemlərin həlli istiqamətində fikir mübadilələri aparılıb.