Bu şəxslərə təqaüd veriləcək - YENİLİK
    • 3-04-2019, 12:09
    • 1 042

Bu şəxslərə təqaüd veriləcək - YENİLİK

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Bəs bu təqaüdlərin ödənişi necə aparılacaq və təyin olunması üçün hansı sənədlər tələb ediləcək?

Hazırda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq icra mexanizmi hazırlanır. Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.

I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və  Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir.