-
- 17-11-2023, 21:41
- 286
Anklavların qaytarılması Ermənistanı niyə təşvişə salır? - ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında bir daha bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana bilər.
Sülh müqaviləsində qeyd olunan ən vacib məqamlardan biri də tərəflərin bir-birlərinin ərazi bütövlüyünü tanımasıdır.
Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğuna dair bəyannamə imzalayıb. Məlum olduğu kimi hazırda Qazaxın 7, Naxçıvanın isə 1 kəndi Ermənistanın işğalı altındadır. Ötən gün AzTv hazırladığı süjetdə işğal altında olan Qızılhacılı kəndindən görüntülər yaydı.
Xarici işlər naziri Ceyhun Bayramovun bu yaxınlarda həmin məsələni gündəmə gətirməsi də anklavların Azərbaycana qaytarılmasının vacib və gündəmdə olduğunu göstərir.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Paşinyanın səsləndirdiyi bir çox fikirlər və vədlər var, amma onlara ciddi yanaşmağın yeri yoxdur.
“ Çünki Nikol xarici qüvvələrdən asılı bir hökumət rəhbəridir. Digər tərəfdən isə o, çalışır ki, bu cür vədlərlə Azərbaycanın ayıq-sayıqlığını çaşdırsın. Lakin bu, olduqca uğursuz bir gedişdir. Paşinyanın xarici havadarları da onun zəifliklərinə bələddirlər. Ona görə də ona öz istəklərini aşılamaqla meydanda oynatmağa davam edirlər. Azərbaycan boğazdan yuxarı sözlərə inanmır. Bununla yanaşı Ermənistanın süni şəkildə ilin sonuna kimi sülh sazişinin imzalanacağına, tərazi bütövlüyünü tanıdığına dair açıqladığı bəyanatlara məhəl qoyulmur”.
Politoloqun sözlərinə görə, Azərbaycan imzalanan sazişin dayanıqlı və davamlı olmasını istəyir.
“Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra son zamanlar Ermənistanda Azərbaycanın işğal altında olan kəndlərin qaytarılması məsələsi gündəmdədir. Ermənilər bu səbəbdən xeyli təşvişə düşüblər.
Azərbaycanın həmin əraziləri azad edəcəyi barədə söhbətlər dolaşır. Sözügedən ərazilər bizim əzəli torpaqlarımızdır. Bu mövzuda ölkə başçısı da "biz ora, minik-maşınla qayıdacağıq" deyə bildirib. Bu, öz-özlüyündə çox vacib və sülhsevər bir mesajdır. Ermənilər isə bunu anlamır. Anklavların qaytarılması gündəmdədir və həllini taparaq öz həqiqi sahibinə qayıdacaq” ,- deyə o, fikrini yekunlaşdırıb.
Məsələ ilə bağlı siyasi şərhçi Elçin Mirzəbəyli də danışıb.
“Ermənistan bir tərəfdən sülh müqaviləsindən söz açır, digər tərəfdən isə bölgədə regiondankənar qüvvələrin iştirakı üçün zəmin hazırlamağa, prosesin məhz onların dominant rolu və maraqları müstəvisində irəliyə doğru aparılmasına çalışır. Halbuki, Azərbaycanla Ermənistan sülh müqaviləsi ilə bağlı müzakirələri, özünü “vasitəçi” obrazında təqdim etməyə çalışan, amma sülhə və regionun gələcəyinə öz geosiyasi maraqları müstəvisindən yanaşan ölkələrin iştirakı olmadan da apatmaq mümkündür və hətta zəruridir. Bu baxımdan, nə qədər ki, Nikol Paşinyan sülh prosesinə, gələcəkdə qarşılıqlı münasibətlərə və regiona müdaxilə edə biləcək üçüncü qüvvələri “zəmanətçi” tərəf kimi cəlb etməyə cəhd göstərəcək,o zamana qədər real nəticə əldə etmək mümkün olmayacaq”,- o deyib.
E.Mirzəbəylinin sözlərinə görə, dövlətlərin ərazi bütövlüyünün tanınmasına gəldikdə isə, bu kompleks anlayışdır və özündə bir sıra hüquqi prosedurların həyata keçirilməsini nəzərdə tutur.
“Bir dövlətin digərinin əraz bütövlüyünü tanıması, onun sərhədlərinin toxunulmazlığının və bu sərhədlər daxilindəki əraziləri üzərindəki suveren hüquqlarının qəbul edilməsi ilə müşayiət olunmalıdır. Amma bəlli olduğu kimi Azərbaycan-Ermənistan sərhədi delimitasiya olunmayıb, həmçinin Azərbaycan Respublikasının 7 kəndi hazırda Ermənistanın işğalı altındadır. Rəsmi İrəvan işğal altında olan Azərbaycan kəndləri ilə bağlı məsələni delimitasiya prosesinə saxlamaq və sərhədlərin müəyyənlişdirilməsi prosesində bazarlıq predmetinə çevirmək istəyir. Bu isə heç bir halda qəbul edilə bilməz. Sülh müqaviləsinə qədər Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir”.
Ayşən Rəhim