-
- 22-11-2023, 22:10
- 651
Məcburi köçkünlər gedir: Yaşadıqları evlər övladlarına qalacaq? - AÇIQLAMA
Sabunçu rayonunun Ramana qəsəbəsindəki "Şuşa" şəhərciyində 450-dən çox ailə məskunlaşıb. Həyət evlərində məskunlaşan bu ailələrin doğma yurda köçürülməsi ilə bağlı müzakirələr başlayıb. Bu isə müəyyən narazılığa səbəb olub. Çünki “Şuşa şəhərciyi”ndə məskunlaşan məcburi köçkünlər öz vəsaitləri hesabına həyətlərində yeni evlər, yardımçı təsərrüfat üçün binalar tikiblər. Sakinlər ümid edirlər ki, Şuşaya köçəcəkləri təqdirdə həmin mülklər övladlarına qalacaq.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları evlər onların övladlarına qala bilərmi?
News24.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov “Yeni Sabah”a danışıb.
Millət vəkili mövzu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib:
“Dövlətimiz tərəfindən bütün incəliklər nəzərə alınmaqla həll istiqamətində bir sıra işlər aparılır. Burada bəzi real məqamlar var. İnsanlar 30 il əvvəl doğma yurd-yuvasında didərgin düşəndən sonra övladları ilə birgə müxtəlif ərazilərdə məskunlaşıblar. İllər keçdikcə bu ərazilərdə onlar özünə şərait qurub, iş tapıb və ailə nizamı yaradıblar. Təbii ki, qayıdış prosesində bütün bunlar nəzərə alınacaq. Ən əsas məqam isə gənclərlə bağlıdır. Qayıdış prosesində iştirak edəcək ailələrdən olan gənclərin əksəriyyəti orta və ali tədris müəssisələrində təhsilini davam etdirir, ya da müxtəlif sahələrdə çalışır. Onların arasında ailə quran şəxslər də var. Bu reallıqlar həmin şəxslərə həyatını öncədən məskunlaşdıqları yerlərdə davam etdirməsinə əsas verir.
Deputat qayıdış prosesində hər hansı məcburiyyətin olub-olmaması ilə bağlı məsələyə də toxunub:
“Təbii ki, qayıdış prosesində bütün ailə üzvlərinin qayıtması ilə bağlı məcburiyyətin olacağı gözlənilmir. Doğrudur, öz yurd-yuvalarına qovuşan ailələr dövlətin əmlakını təhvil verməlidir. Sadalanan müəyyən səbəblərə bağlı olaraq, həmin şəxslərin bəzilərinin qurduqları nizam üzrə həyatını davam etdirməsi çox güman ki, mümkün olacaq. Dövlət öz vətəndaşlarını ev-eşiksiz qoymayacaqdır. Bütün bunlar hamısı mövcud reallıqlara əsasən yaranan fikirlərdir. Ancaq hazırda bu barədə hələ ki rəsmi qərar verilməyib. Bu səbəbdən məsələnin həlli istiqamətində atılan addımların hansı yöndə və necə olacağı tamamilə dövlətin qəbul etdiyi qərarlar əsasında müəyyənləşəcək. Hər bir halda dövlətimiz vətəndaşlarını düşünərək hərəkət edəcək və onların nizamına xələl gətirmədən qayıdış prosesini həyata keçirəcəkdir”.