Qazaxın işğaldakı kəndləri necə QAYTARILACAQ? - Antiterror əməliyyatı, yoxsa...
    • 27-11-2023, 12:25
    • 493

Qazaxın işğaldakı kəndləri necə QAYTARILACAQ? - Antiterror əməliyyatı, yoxsa...

Azərbaycan Qarabağda öz suverenliyini təmin edəndən sonra artıq Ermənistan tərəfindən işğal edilən digər torpaqlarımız- anklavlar məsələsi gündəmdədir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə Azərbaycanın ərazi bütövlüyü tanıyırıq deməsi, artıq anklavların da bizim torpaqlar kimi etirafı anlamını verir. Maraqlıdır hələ də işğaldan azad edilməyən bu anklavların  taleyi necə olacaq?

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, bu kəndlər də mütləq Azərbaycana qaytarılacaq:


"Bu kəndlərdən 4-ü anklav vəziyyətində olan kəndlərdir. Yəni hər tərəfdən Ermənistan əraziləri ilə əhatə olunub. Paşinyan dəfələrlə bu anklavların qaytarılacağı ilə bağlı bəyənat verib. Ancaq məsələ odur ki, bu kəndlərin gələcəyi necə olacaq? Ermənistanın Gürcüstana və İrana gedən yolları həmin Azərbaycan ərazilərindən keçir. Bu, Ermənistana ciddi problemdir. Bu səbəbdən Paşinyan sözügedən əraziləri qaytarmağa hazır olduğunu deyir, həm də yaranacaq çətinlikləri nəzərə alıb ərazi mübadiləsi məsələsini müzakirə etməyi də təklif edir. Hələlik bu kəndlərlə bağlı ciddi müzakirələr başlamayıb. Yəqin ki, noyabrın 30-da keçiriləcək görüşdə bu məsələ müzakirə edilməyə başlanacaq və müəyyən qərarlar qəbul ediləcək. Paşinyan anklavlar məsələsinin danışıqlar mövzusu olduğunu da deyib və iddia edib ki, Azərbaycan kəndlərini istəyirsə, Başkəndi Ermənistana verməlidir".

Politoloq vurğuladı ki, Azərbaycanla birbaşa əlaqəsi olmayan kəndlərin qaytarılması müəyyən problemlər də yaradacaq.

Hərbi ekspert Şair Ramaldanov isə mövzu ilə bağlı saytımıza danışarkən qeyd etdi ki, bu məsələ sərhəd delimitasiya və demarkasiya prosesində həll edilə bilər:

"Həmin kəndlər ya beynəlxalq normalara uyğun olaraq 2 dövlətin razılaşması əsasında qaytarılacaq, ya da başqa şəkildə həll edilə bilər. Bu təcrübə Rusiya və Gürcüstanda da olub. Torpağın müəyyən bir hissəsi digər dövlətin ərazisində qalırsa, onun əvəzinə bizi qane edən başqa bir ərazi Azərbaycana verilə bilər. Ona görə də delimitasiya və demarkasiya prosesi həyata keçirilir, yəni hər şey dəqiqləşdirilir. Azərbaycan maraqlarına uyğun olmayan addım atılsa, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatının da göstərdiyi kimi,  dövlətimiz öz torpaqlarını qısa zamanda geri qaytara bilir. Ona görə də bu 8 kəndin qaytarılması Azərbaycan üçün problem deyil. Bu kəndlərlə bağlı danışıqlar predmeti tükənməyib. Hələki proses davam edir. Azərbaycan bir qarış torpağını heç kimə nə güzəştə getmək, nə də vermək fikrində deyil. Həmin kəndlər de-fakto bizim olmasa da, de-yure bizimdir. Elə bir xəritə yoxdur ki, o kəndləri Ermənistan ərazisində göstərsin". 

Qumral Əliyeva