İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib
    • 5-04-2019, 14:31
    • 1 101

İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib

Aprelin 3-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclası keçirilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, iclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak edib.

İclası giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov Vətən uğrunda şəhid və Şanlı Aprel döyüşlərində şəhid olmuş igidlərimizi bir dəqiqəlik sükutla yad edərək öz nitqinə başlayıb.

Hazırda müəssisələrin fəaliyyətindən, qarşıda duran vəzifələr, müəssisələrdə islahatların aparılması, yeni gənc kadrların müəssisələrə işə cəlb edilməsi, yaradıcı insanlarla müəssisələrin fəaliyyətinin aparılmasının zərurətini şura üzvləri ilə geniş müzakirə etdi.

Sonra idarənin rəis müavini Azər Abbasov çıxış edərək cari ildə mədəniyyət idarəsini tərəfindən tabe müəssisələrdə görülmüş işlər barəsində geniş hesabat verdi, rayon müəssisə rəhbərləri isə öz çıxışlarında qarşıda duran perspektivli iş planlarından danışaraq, 3 ay ərzində görülən işlər haqqında qısa hesabat verdilər.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəfail Tağızadə 27 mart-24 may tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalından məlumat verdi.

Festivalın əsas məqsədi müəssisələr arasında mədəniyyət əlaqələrinin genişlənməsinə, kollektivlərin ölkədə tanınmasına çox böyük təsir göstərmişdir. Bu tipli tədbirlərin bölgələrdə yaradıcı insanların arasında fikir mübadilələrinin yaranmasına, ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcı insanların özlərini tanıtmasına və təbliğ etməsinə böyük təkan verdiyini xüsusilə qeyd edib.