Mədəniyyət Nazirliyinin təkmilləşməsi ilə bağlı Şura iclası keçirilib
    • 5-04-2019, 12:46
    • 926

Mədəniyyət Nazirliyinin təkmilləşməsi ilə bağlı Şura iclası keçirilib

Aprelin 4-də Sabirabad Regional Mədəniyyət İdarəsində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Prezident Fərmanına əsasən Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması məqsədilə Şura iclası keçirilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov mədəniyyət müəssisələrinin təkmilləşməsi və optimal fəaliyyət göstərməsinin əhəmiyyətindən danışmış, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının önəmini vurğulayıb.

Daha sonra iclasda iştirak edən məsləhətçilər, mədəniyyət müəssisəsi rəhbərləri mədəniyyət müəssisələrinin şəbəkəsini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da  təkmilləşdirmək, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, daha təkmil muzey fəaliyyətinin təşkili, musiqi məktəbləri, mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubları, rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyini artırılması  ilə bağlı öz təkliflərini bildirmiş və bu təkliflər ətrafında müzakirələr aparılıb.

Sonda bu təkliflərin komplektləşdirilərək Mədəniyyət Nazirliyinə göndərilməsi qərara alınıb.