Xalq artistindən SOS SİQNALI: “... yoxsa, “vay dədəm, vay” deyib başınıza döyəcəksiniz”
    • 27-11-2023, 22:28
    • 1 789

Xalq artistindən SOS SİQNALI: “... yoxsa, “vay dədəm, vay” deyib başınıza döyəcəksiniz”

“Musiqinin ritmi, ladı, notu bilinmir, ara mahnıları, meyxana tipli mahnılar efirləri zəbt edib”.

News24,az bildirir ki, bu fikirləri keyfiyyətsiz musiqinin efiri zəbt etməsindən danışan Xalq artisti Nəzakət Teymurova Yenicag.az-a açıqlamasında deyib.

O, əsl sənətkarlarla ara müğənniləri arasında fərq qoyulmadığını təəssüflə bildirib:

“Hər yetənə, hər oxuyana sənətkar deyib müraciət edirlər, verilişlərdə yuxarı başa çıxarırlar. Olmaz belə. Belə halları görəndə əsl sənətkarlar küsür, efirlərə çıxmaq istəmir.

Mən yalnız Azərbaycan Dövlət Televiziyasına və İctimai TV-yə çıxıram. O qədər kanallardan çağırırlar, ancaq getmirəm. Ara müğənnilərini yığıb doldurublar verilişə, mənim orada nə işim var?

Biz Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Əlibaba Məmmədov kimi böyük sənətkarları efirdə görüb sənətə gəlmişik. İndi də sənətkar deyəndə, o insanları yad edirik.

Amma 20-30 ildən sonra indi böyüyən nəsil hansı sənətkarın adını çəkəcək? Soruşanda, yəqin ki ara müğənnilərin adını çəkəcəklər. Bu, biabırçılıqdır. Oxuduqları da hind, İran, ərəb ladları…

Gül kimi milli musiqilərimiz var axı, niyə oxumurlar? Sonra da erməni mahnılarımızı oğurlayıb oxuyanda, başınıza döyəcəksiz ki, vay dədəm vay, erməni mahnımızı öz adına çıxarır. Gərək öz musiqinə dəyər verəsən, sahib çıxasan ki, o, bu götürüb öz adına çıxmasın.

O gün Fərhad Bədəlbəyli Musiqi Forumunda gözəl bir söz dedi ki, mən efirlərə baxanda utanıram. Həqiqətən, utancvericidir. Musiqinin ritmi, ladı, notu bilinmir. Ara mahnıları, meyxana tipli mahnılar efirləri zəbt edib. Bunun qarşısı alınmalıdır, nəzarət olmalıdır. Həyəcan təbili çalınmalıdır, sonra gec olacaq”.