-
- 28-11-2023, 12:20
- 223
Umayra Tağıyevadan XƏBƏRDARLIQ: Təbii fəlakətlərin sayı çoxalacaq
“Təəssüf ki, iqlim dəyişmələri ilə bağlı son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı böyük itkilərlə qarşılaşır”.
News24.az APA-ya istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O bildirib ki, alimlərin proqnozuna görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı bütün dünyada çoxalacaq:
“Təbii ki, iqlimin istiləşməsi, eyni zamanda, buzlaqların əriməsi və okean səviyyəsinin artması nəticəsində atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bütün bəşəriyyət üçün böyük çağırışa çevrilib”.
Umayra Tağıyeva qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır:
"Noyabr ayında qonşu ölkələrdə müşahidə olunan proseslər də bu problemin nə qədər böyük olduğundan xəbər verir".
Nazir müavini əlavə edib ki, 2 gündən sonra ilin ən önəmli beynəlxalq tədbirlərindən biri keçiriləcək:
"Azərbaycan konfransda böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Burada iqlim dəyişmələrinə milli uyğunlaşma planı çərçivəsində ölkədə görülən işlər haqqında ətraflı məlumatlar veriləcək".
Nazir müavini həmçinin əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə karbon neytrallığı zonasının yaradılması əsas hədəflərdən biridir:
"Bunun üçün artıq işlər görülür. İqlim dəyişmələri məsələləri ölkənin strateji sənədlərində, dövlət proqramlarında yer tutub. Məqsədimiz narahatlıq, təşviş yaratmaq deyil. Əhalinin ola biləcək risklərə qarşı hazırlıqlı olmasını təmin etməkdir. Bütün bunlarla biz ölkə qarşısında qoyulan hədəflərə nail olacağıq".