Yaponiyanı gözləyən təhlükə: ölkəni 3 istiqamətdən...
    • 29-11-2023, 11:21
    • 142

Yaponiyanı gözləyən təhlükə: ölkəni 3 istiqamətdən...

“Tokio həyəcan içərisindədir. Yaponiyanın baş naziri Fumio Kisida bəyan edib ki, Yaponiya II Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşib. Yaponiyanın müharibədən sonrakı dövrdə ən ağır və çətin təhlükəsizlik vəziyyətində olduğunu deyən baş nazir təhlükənin 3 ünvanını göstərib: “Rusiya, Çin və Şimali Koreya”. 

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Tokionu narahat edən Rusiya və Çinin bombardmançı təyyarələrinin Yapon dənizi üzərində uçuşlarının və birgə hərbi təlimlərinin sayının artmasıdır. 

“Buna görə də Fumio Kisida hərbi büdcənin artırılmasını və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün qətiyyətli tədbirlər görülməsini lazım bilib. Baş nazir deyib ki, mümkün hücumları dəf etmək üçün Yaponiya raketlər istehsal etməyə başlayacaq. Yaponiyanın baş naziri mövcud durumdan o qədər narahat olub ki, ölkəsinin hərbi bazalarını şəxsən yoxlamaq qərarına gəlib”.

O qeyd edib ki, ABŞ İkinci Dünya müharibəsində məğlub olan Yaponiyaya hərbi gücünü artırmağı qadağan etmişdi. 

“Ancaq Vaşinqton dünyada baş verən son hadisələr – Rusiya-Ukrayna müharibəsi və Çinin hərbi gücünü artırması fonunda Yaponiyanın müdafiə qabiliyyətinin artırılmasını dəstəkləyib. Yaponiyanın hərbi gücünü artırmaqdan başqa seçimi qalmayıb. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun Yaponiyaya səfər edərək iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib. Müzakirə zamanı 3 – Rusiya, Çin və Şimali Koreya istiqamətlərindən gələn təhlükələr müzakirə olunub. 

Yaponiya 2022-ci ilin dekabr ayında milli təhlükəsizlik strategiyası qəbul edib. Həmin sənəddə Yaponiyanın real təhlükə qarşısında düşmənə əks-zərbə endirmək hüququ verilib. Yaponiyanın 2024-cü il hərbi büdcəsi 52 milyard dollar civarında nəzərdə tutulub. Bu əvvəlki hərbi büdcədən 12 faiz çoxdur. Ümumilikdə Yaponiya 4 il ərzində mdüfizə xərclərinə 315 milyard dollar xərcləməyi planlaşdırır. Yaponiya parlamenti büdcə xərclərini təsdiqləyəci halda bu ölkə ABŞ və Çindən sonra hərbi xərclərinə görə dünyada üçüncü sırada qərar tutacaq. 

“Bloomberg” agentliyinin məlumatına görə, Yaponiya uzaq mənzilli raketlərlə yanaşı, hava-kosmik qüvvələrini formalaşdırmağa başlayacaq. Yaponiya ABŞ-dan “Tomahawk” raketləri almağı planlaşdırır. Yaponiya Konstitusiyasının 9-cu naddəsinə görə, bu ölkəyə müharibə aparmaq qadağan edilir. Buna baxmayaraq, Rusiya və Çinin birgə hərbi təlimləri və Şimali Koreyanın raket proqramı Yaponiyanı müdafiə məqsədli hərbi gücünü artırmağı diqtə edir”.

Ayşən