Şabranda 15 yaşlı uşağa qarşı 17 dəfə nə baş verib? - ZORLAMA ŞANTAJ: istintaq gedir - ARAŞDIRMA
    • 6-04-2019, 15:43
    • 3 462

Şabranda 15 yaşlı uşağa qarşı 17 dəfə nə baş verib? - ZORLAMA ŞANTAJ: istintaq gedir - ARAŞDIRMA

- Mən də eşitmişəm, vallah ay qardaş, hərə bir şey danışır. Amma deyirlər, atası saytlara deyib hər şeyi. Mənim də saytdan-zaddan başım çıxan deyil. Həm də o kənddən uzaqda yaşayıram. Allah pis adama lənət eləsin.

- Hə, lənət eləsin… 

***  
Bizi Şabrana aparan taksi sürücüsüylə növbəti lənətləməni bitirib mövzunu dəyişirəm. 

- Uzaqdı o kənd?

Rayon mərkəzindən bir qədər aralıdı. Kasıb kənddi. Camaatı da kasıbdı. Amma zəhmətkeşdi. Neyləyək, gərək belə olmayaydı.Bunu artıq neçənci dəfədir təkrar edir sürücümüz.
Bəli, belə olmamalıydı. Amma oldu. Olacağa isə çarə yoxdur deyib atalarmız. Bu kənddə baş verənlərdən hamı elə onun atasından xəbər tutub. Bunu da biləsiz.

Hə, nə baş verib axı Şabranda? Bir qədər səbirli olun, hamısını biləcəksiniz.

Demək, bir qədər əvvəl Şabran rayonunun kəndlərindən birində dəhşətli hadisənin üstü açılıb. Belə ki, həmin kənd sakini, hazırda 15 yaşı olan Amal Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları, həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edilib. Sinif yoldaşları və məktəbin digər şagirdləri 13 yaşından etibarən Amillə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

İlk dəfə publika.az-a müraciət edən yeniyetmənin atası Hətəm Həsənov deyib ki, bu hərəkətlər məktəbin həyətində, tualetində və kəndin müxtəlif yerlərində edilib. Ata deyir ki, oğlum ilk dəfə 12-13 yaşında olarkən özündən 4-5 yaş böyük şəxs tərəfindən döyülərək qeyri-təbii yolla cinsi təcavüzə məruz qalıb. Həmin şəxs əgər kiməsə desə (əsasən də evdə) onu bütün kənddə biabır edəcəyini və onu yenə döyəcəyini bildirib. Bundan sonra məktəbin digər şagirdləri və kənd sakinləri də əxlaqsızcasına uşağa dəfələrlə zor tətbiq edərək, onu şantaj edərək onunla cinsi əlaqədə olublar.

Zərərçəkmiş şəxsin dediyinə görə, Amal Həsənovla cinsi əlaqədə olmuş şəxslərin sayı 17 nəfərdir. Həmin şəxslərin bir neçəsi hazırda məktəbdə təhsil almaqda davam edir, bir hissəsi isə məktəbi bitirib. Uşağın atası bildirib ki, baş verənlərdən təxminən bir ay öncə xəbər tutub: "Əmisi oğlunun onun müəyyən hərəkətlərindən şübhələnərək sorğu suala çəkməsi nəticəsində hər şey üzə çıxıb”.

Eşitdiklərindən dəhşətə gələn ata müxtəlif yollar barədə düşünsə də, sonda çarəni həmin şəxslərin cəzalanmasına nail olmaqda görüb, övladını isə psixoloq kurslarına aparıb. Həmçinin o, Şabran rayon Polis Şöbəsinə müraciət edib, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər göndərib. H.Həsənov bildirib ki, 19 mart 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə cinayət işi başlanıb: "Amma cinayəti törədən şəxslərin kimliyi məlum olmasına baxmayaraq bu günə kimi adı çəkilən əksər şəxslər dindirilsə də hər hansı şəxs məsuliyyətə cəlb edilməyib. Halbuki, əldə edilmiş 3 tibbi ekspert rəyinə əsasən zərər çəkmiş şəxslə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma halları mövcud olub. Həmin şəxslərdən biri hətta oğluma zor tətbiq edib onunla cinsi əlaqədə olduğunu etiraf edib və səs yazısı istintaqa təqdim olunub”.

*** 
Həmin kənddəyik. Küçədə, bayırda bir kimsə gözə dəymir. Kimin qapısını döyəsən, kimdən nə öyrənəsən? Ən azı zərərçəkmişlərin evinin yerini öyrənməyə bir kimsə yoxdu bayırda. Maşını saxlayıb bir siqaret yandırırıq. Sürücü çox narahatdı nəsə. 

- Ağır söhbətdi qardaş. Burda sənə heç kim, heç nə danışmayacaq. O deey, - sevincək dillənir- inəyi bayıra çıxardan kişini görürsən? Tez, evə girməmiş ondan soruş.

50-55 yaşlı üzünü tük basmış bir kişidir. Zərərçəkmişlərin evini soruşuruq. Çiynini çəkir. Bu vaxt həyətdən başqa birisi çıxır.

- Siz kimsiniz? Niyə gəlmisiz? Biz heç nə bilmirik. Gedin burdan. 

Nədənsə çox qəzəblidirlər. Qohumlarıdı bəlkə, düşünürəm.
Sürücümüz lap dilxor olub.

- Gəl gedək, heç kim heç nə danışmayacaq.

Bir təhər sakitləşdirirəm.

*** 

- O uşaq hazırda 10-cu sinifdə oxuyur. Düzdür, dərsə gedib-gəlir, amma savad cəhətdən çox axsayır. Çox zəifdi.

Belə qəfil keçid sizi təəccübləndirməsin. Hə, biz nəhayət ki, bir kənd sakiniylə danışa bildik. Bəzi məqamların üstünə də çıxdıq. Bəzi informasiyaları da öyrəndik. Elə məqamlar var ki, onları yazmaq, təfərrüatlarına baş vurmaq gərək deyil. Amma iş ondadır ki, bəzilərinin üstündən keçmək də olmur.

- Ən azı atsının açıqlaması var saytlara. Hə, hadisə baş verib. Məktəbdə, məktəbdən kənarda bunu yəqin istintaq müəyyən edəcək. Məktəbin direktoru Finurə müəllimə də şokdadı. Eşitdiyimə görə, onu da polisə çağırıb dindiriblər. Amma o yazıq nə etsin? Hər şagirdin arxasınca düşəsi deyil ki? Ümumiyyətlə götürsək, mən neçə ildir bu kənddə yaşayıram da, məktəb regionda ən yaxşılarındandı. Hər il neçə şagird tələbə adını qazanır. Müəllimlər də tələbkardı. Amma bir də görürsən ki, qəfildən elə hadisə baş verdi ki?

17 nəfər deyirlər e, bu rəqəmi kim çıxardıb özündən bilmirəm. Kim sayıb? Atası belə deyir. Yəqin oğlu da atasına belə deyib. Axı bunları yoxlamaq lazımdı? Bizim polis də şükür Allaha, əgər belə şey olsaydı həmin adamları anındaca saxlardı, harda olsa belə. Demək, polisin də bildiyi bir şey var. Durub nahaq yerdən camaatın balasını bir nəfərin sözünə görə, tutub içəri salan deyillər ki? Amma sizə bir söz deyim. O uşaq yaşı 15-i keçməsinə baxmayaraq yaşıdlarından çox geri qalır. Fiziki vəziyyətinə görə yox ha. Sadəcə, davrnaşlarına görə. Sanki yeniyetmə deyil, ibtidai sinif uşağıdır. Mən eşitdiyimə görə, Finurə müəllimə onu 10-cu sinifə götürmək istəmirmiş. Sadəcə, atası gəlib, yalvar-yaxır edib ki, əlində attestat olsun, bəsimizdi. O da birtəhər razı olub.

Həmsöhbətimizin dediyinə görə, adıçəkilən 17 nəfərin arasında hazırda bu kənddən olan və Bakıda ali təhsil alan iki tələbə, əsgərliyini çəkən daha iki nəfər var. Qalanları isə ya hazırda məktəbdə oxuyurlar, ya da elə kənd sakinləridir.

***

- O deyirlər e uşağı şantaj ediblər. Onu nəylə şantaj etsinlər ki? Söhbət ondan gedir ki, əgər belə zorakılıq olubsa, ilk dəfə kim tərəfindən olub o aydınlaşsın. Əvvəlcə bunu araşdırmaq lazımdı. Mənim bildiyimə görə, bu kənddən bu hadisəyə görə, hələki heç kim həbs edilməyib. Bəli, dindirilənlər olub. Bələdiyyə sədri, icra nümayəndəsi, məktəb direktoru sinif yoldaşları. Amma həbs yoxdur. O uşaq atasının açıqlamasından, məsələ rayona yayıldıqdan sonra dərsə də getmir. Qapılıb qalıb evdə. Sənin ağlın şəhərə getməsin, bura kənddir, vəziyyət tamam fərqlidir.

Elə rəsmi cavab da elə oldu. Məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsindən News24.az-a bildirildiyinə görə, faktla bağlı cinayət işinin istintaqı davam etdirilir. Məsələyə istintaqın yekununda hüquqi qiymət veriləcək. Şöbədən bildirdilər ki, hazırda Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Hadisə bir neçə il əvvəl olub. İştirakçıların çoxu da həddi-buluğa çatmayan uşaqlardı. Düzdür, həbs olunan yoxdu, amma istintaq gedir. Hər şey istintaqın sonunda bəlli olacaq. Uşaqla bağlı bəzi ekspert rəyləri alınıb. Həmin rəylərdə nə yazılıb bunu sizə deyə bilməyəcəm. Çünki istintaq sirridir.Bəs 17 nəfər? Hə, şöbədən sayla bağlı da heç nə öyrənə bilmədik. İstintaq sirridir. İstintaq isə davam edir. Amal isə dərsə gedə bilmir… İstintaqın nə qədər davam edəcəyi isə bilinmir. Amala isə… Hə, onu xilas etmək gərəkdir. Ona kömək gərəkdir. 15 yaş nədi ki?

Səbuhi MƏMMƏDLİ 
Bakı-Şabran