"Azərpoçt" beynəlxalq səviyyəli sertifikata layiq görülüb
    • 8-04-2019, 16:30
    • 1 002

"Azərpoçt" beynəlxalq səviyyəli sertifikata layiq görülüb

Berndə (İsveçrə) Ümümdünya Poçt İttifaqına daxil olan 192 ölkənin nümayəndələrinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirilib. 

Bu barədə News24.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-dən bildirilib. 
Məlumata görə, Azərbaycan poçtu göstərdiyi xidmətlərin keyfiyyətinə görə gümüş səviyyəli sertifikata layiq görülüb.  
Mükafatı Ümumdünya Poçt İttifaqının Baş direktoru Bişar Hussein və EMS korporasiyasının İdarə Heyətinin sədri Patrik Rişon təqdim edib. Keyfiyyət sertifikatları 6 meyar üzrə verilir. Fəaliyyətləri 92-96% aralığında qiymətləndirilən təşkilatlar gümüş səviyyəli sertifikatlara layiq görülür.
Qeyd edək ki, “Azərpoçt”un beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir:
"Ümumdünya Poçt İttifaqının EMS(sürətli poçt xidmətləri) korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək məqsədilə hər il bir sıra meyarlar müəyyən edilir. İlin yekununda isə bu meyarlar üzrə keyfiyyət göstəriciləri müqayisə olunur. Aparılan müqayisənin nəticələrinə görə ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülür", - deyə məlumatda qeyd olunub.