Lalə Telliyə “QARĞIŞ ETDİ”: “Hər gün xalça kimi çırpılasan”
    • 14-12-2023, 22:07
    • 678

Lalə Telliyə “QARĞIŞ ETDİ”: “Hər gün xalça kimi çırpılasan”

“Qadının özündən asılıdır, elə edə bilər ki, kişinin ona barmağı da dəyməz”.

Aşıq Telli Borçalının “Qadın xalça kimidir, təmiz və təravətli qalması üçün vaxtlı-vaxtında çırpılmalıdır” sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çoxları onun bu fikrini qadınlara qarşı təhqir kimi dəyərləndiriblər.

Aşığın bu fikirləri ilə bağlı Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Lalə Əlimuxtarova qadının xalçaya bənzədilməsinə qarşı çıxıb:

“Hərənin bir baxış bucağı var. İnsan var ki körpəliyindən atasının anasını döydüyünü görür. İnsan da var ki nəsildə-kökdə belə şey görmür. İnanıram ki, Telli xanım bunu döymək mənasında deməyib. Həyat yoldaşı mənasında deyibsə, düz deməyib.

Xanımların döyülməsinə pis baxıram. Qadının özündən asılıdır, elə edə bilər ki, kişinin ona barmağı da dəyməz. Elə də edər, hər gün kişi onu döyər. Hər ailədə müxtəlif yanaşma var. Mən babamdan, nənəmdən görmüşəm. Babamın bir sözü vardı ki, kişi qadına əl qaldırmaz.

Tellinin bütün sözlərini bağışlamaq olar, çünki saz-söz ustadıdır. Qadını xalçaya bənzətməyini qəbul etmirəm. Qadın gül kimidir, onu yalnız əzizləmək, qoxulamaq lazımdır. Deyir, niyyətin hara, mənzilin də ora. Ay Telli, Allah qabağına elə bir həyat yoldaşı çıxarsın ki, səni hər gün xalça kimi çırpsın”.