Mənzillərin təmirinə nəzarət varmı? - AÇIQLAMA
    • 14-12-2023, 22:18
    • 162

Mənzillərin təmirinə nəzarət varmı? - AÇIQLAMA

“Bina evlərində bəzən mənzil sahibləri tərəfindən mətbəxlərin yeri dəyişdirilir, otaqların sahəsi genişləndirilir, bir çox hallarda sütunlar qırılır. Bu problem ölkəmizdə çox bariz şəkildədir. Bir çox ölkələrdə bu cür tikinti normativlərinin pozulması səbəbindən vətəndaşa cinayət işi açılır. Çünki daşıyıcı kolonlar bir dəfə lazım olur, onda da siz və qonşularınız sağ qalırsınız. Fövqəladə Hallar Nazirliyi, həm də Əmlak Məsələləri Dövlət Xidməti binalar təhvil verilərkən və siz mənzilin çıxarışını aldığınız zaman gəlib evin yerində faktiki yoxlanışlar aparır. Nəinki kolonların zədələnməsinə, hətta aşırmaların ölçülərinə diqqət yetirirlər. Əgər aşırmalar ölçüləri aşırsa, mənzil sahibinə çıxarış vermirlər, ya da bərpası mümkündürsə, bərpasını tələb edirlər. Yəni pozuntu varsa, aidiyyəti qurumlar yerində irad bildirirlər. Habelə “Azəriqaz” müxtəlif vaxtlarda binaların daxilində yoxlamalar aparır. Yoxlamalar bəzən 3-4 ildən bir bütün yaşayış binalarında aparılır. “Azəriqaz”ıntələbi var ki, qaz xətləri açıq olmalıdır, qapalı yox”.

News24.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert, “Opera Group” MMC-nin direktoru Firdovsi Xəlilov deyib.

Tikinti şirkətləri mənzilləri satarkən niyə çöldən hesablayır? – AYDINLIQ  GƏTİRİLDİ Pravda.az

Ekspertin sözlərinə görə, məsələdə bəzi boşluqlar var: “Məsələn, siz evinizi layihədə necədirsə, o şəkildə almısınız, 5 il sonra evi təmir edirsiniz. Əslində, təmir edərkən siz bu barədə Mənzil İstismar İdarəsinə, yaxud MTK-lara məlumat verməlisiniz. Təəssüf ki, sakinlər həmin qurumları məlumatlandırmırlar, ağıllarına gələn işləri görürlər. Nəticədə, sağlam hesab etdiyimiz hər hansı bina özümüzün də xəbərimiz olmadan məsuliyyətsiz qonşunun məsuliyyətsizliyi ucbatından qəzalı və istismara yararsız hala gəlmiş olur. İstənilən halda problemin kökü dönüb-dolaşıb vətəndaşın üzərində dayanır”.