Kartof bu tarixdən UCUZLAŞACAQ – AÇIQLAMA
    • 15-12-2023, 14:43
    • 330

Kartof bu tarixdən UCUZLAŞACAQ – AÇIQLAMA

Yaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər ucuzlaşacağı gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq.

Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazara daha çox məhsulun çıxarılması, təbii ki, qiymətlərin müəyyən qədər ucuzlaşmasına səbəb olacaq:

“Çünki, təklif tələbi üstələdikcə qiymətlər aşağı düşür. Ümumiyyətlə, hazırda kartofun qiyməti ötən illə müqayisədə 30 faiz ucuzdur. Yaxın vaxtlarda da bahalaşma gözlənilmir. Ən pis halda fevral-mart aylarında kartof bahalaşa bilər”.

“Bölgələrdə qiymət daha ucuzdur”

Akif Nəsirli onu da qeyd edib ki, ölkəmizin kartofa olan illik tələbatı 1 milyon tondur:

“Azərbaycanda isə ildə təxminən 1 milyon 400 min ton kartof istehsal edilir. Amma istehsal edilən kartofun xeyli hissəsi ixrac edilir. Ona görə də bəzi aylarda xaricdən kartof idxal edirik. Yəqin ki, 2024-cü ilin birinci rübündə də belə olacaq. 

Ümumiyyətlə, aprelin ikinci yarısına kimi, yəni faraş kartof bazara çıxarılana qədər qiymətlərdə bahalaşma olur. Amma bu il vəziyyət bir qədər stabildir. Çünki ötən ilin dekabrında kartofun 1 kiloqramı 1 manata təklif olunurdusa, hazırda bu qiymət 60-70 qəpik arasında dəyişir. Bölgələrdəsə qiymətlər daha ucuzdur”.