-
- 15-12-2023, 16:48
- 290
134 hektaradək ərazi minalardan təmizləndi - VİDEO
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilən ərazilərdən təmizlənən mina və partlamamış döyüş sursatlarını məhv edib.
News24.az xəbər verir ki, mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazini mina və partlamamış döyüş sursatlarından tam təmizləyib.
Bundan başqa, təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin dekabr ayının 1-dən 12-dək ümumilikdə 1069 m yol qar örtüyündən təmizlənib, 260 m yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.
Azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6863 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi dekabrın 14-də Ağdərə rayonunun "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.
Media nümayəndələri mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izləyiblər.