Baba Vəziroğlu: "Musa Yaqub heç vaxt diqqətsiz qalmayıb"
    • 9-04-2019, 16:37
    • 2 467

Baba Vəziroğlu: "Musa Yaqub heç vaxt diqqətsiz qalmayıb"

Neçə vaxtdır ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı Musa Yaqubun səhhətində problemlərin olduğu bildirilir.

Sosial şəbəkələrdə yazıçının diqqətsiz qaldığı, xatırlanmaması ilə bağlı fikirlər səsləndirilir. Hətta şairə qarşı yazıçılar birliyindən də soyuq münasibətin göstərildiyi deyilir.

Ötən gün isə mediaya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, Musa Yaqub ağır vəziyyətdədir, yardım istəyir, amma ona kimsə yardım etmir.

Şair-kinodramaturq Baba Vəziroğlu deyilənlərlə bağlı News24.az-a münasibət bildirərək, deyilən fikirlərlə razı olmadığını bildirib:
“Musa Yaqubun səhhəti hazırda yaxşıdır. Zəng elədim, dedilər yaxşılaşıb. Hamı onunla maraqlanır. Qonaqları o qədər çox olur ki, hətta deyirik, bir az dincəlsin. Qonaqların gəlib-getməsindən yorulub. O ki qaldı, Yazıçılar Birliyi tərəfindən soyuq münasibətin olmasına, Musa müəllim heç vaxt diqqətdən kənarda qalmayıb. Mən inanmıram ki, Anar müəllim biganə münasibət göstərə. Çünki Musa Yaqubun 80 illik yubileyində Anar müəllim həm məclisin ağsaqqalı, həm təşkilatçısı, həm fəal iştirakçısı, həm də rəhbəri idi. Mən onun biganə münasibətinə inanmıram. Anar müəllim, hətta bəzən özü ilə əlaqə saxlaya bilməyəndə onu yaxınlarından, məndən soruşub”.

Afaq MİRAYİQ