-
- 20-12-2023, 20:37
- 229
Taksi qiymətlərində ARTIM – Bəs, xidmətin keyfiyyəti YÜKSƏLƏCƏK?
Sosial şəbəkələrdə yayılan xəbərə görə, dünəndən etibarən taksi xidmətlərində qiymətlər 10 faiz artıb. Bununla bağlı rəsmi açıqlama olmasa da, artıq qiymət artımı müşahidə olunur.
Qiymətlər niyə artırılıb?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bu fikirləri bildirib:
“Dünən sosial şəbəkələrdə məlumat yayıldı ki, taksi xidmətinin minimum həddi 10 faiz artıb. Bu informasiyanı taksi şirkətləri əvvəlcə susqunluqla qarşıladı. Lakin günün sonunda informasiya gəldi ki, qiymət 10 faiz yox, bir qədər az qalxıb. Belə ki, bundan sonra minimum sifariş qiyməti 2 manat 50 qəpik yox, 2 manat 70 qəpik olacaq.
Açığı, bu qərar taksi şirkətlərinin müstəsna hüquqlarına aid məsələdir. Doğrudur, AYNA tərəfindən minimum taksi sifarişinin qiyməti müəyyən edilib. Lakin taksi şirkətləri müştərini baha aparırsa, bu artıq şirkətin öz qərarıdır”.
Elməddin Muradlı onu da əlavə edib ki, qiymət artımı ilə bağlı daşıyıcı şirkətlər səbəb açıqlamayıb:
“Ehtimal ki, yanvarın 1-dən etibarən taksilər yeni qaydalarla işləyəcəyinə görə şirkətlər qiymət artımını reallaşdırıb. Son illər taksi xidməti sahəsində özfəaliyyət idi. Kim necə istəyirdi, o cür də işləyirdi. Lakin yanvarın 1-dən etibarən taksi sürücüləri müvafiq sənəd və qaydalar əsasında xəttə çıxacaq. Yeni qaydalar isə əlavə xərc deməkdir. Ola bilsin ki, o xərcləri qarşılamaq üçün taksi şirkətləri qiymət artımına gedib”.