Bakıda 32 yaşlı kişini öldürüb qaçan şəxs həbs edildi
    • 10-04-2019, 14:23
    • 854

Bakıda 32 yaşlı kişini öldürüb qaçan şəxs həbs edildi

Abşeron rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunmuşdur.

News24.az
Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 6-da Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində naməlum avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyada 1987-ci il təvəllüdlü Faiq Həsənovu vuraraq hadisə yerindən qaçmış, F.Həsənov isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Aparılmış istintaqla hadisənin Müşfiq Həsənov tərəfindən “Hyundai Elantra” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Aprelin 9-da M.Həsənova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.