Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirildi
    • 27-12-2023, 10:56
    • 149

Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması istiqamətində görülən işlər davam edir.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əmiliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə başa vuran zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti adından təbrik edib. Kurs iştirakçılarına gələcək xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Kursda çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.