-
- 10-01-2024, 17:23
- 402
Elza-Flora davasının təfərrüatı AÇIQLANDI
"Elza Seyidcahan Flora Kərimovaya elə sözlər deyib ki, onu təkrarlamağa adam utanır. Biabırçı sözlər idi. Bundan sonra Elza xanım Flora Kərimovadan üzr istəsə də, heç nə dəyişməyəcək. Bütün abır-həyanı ortaya qoyub sonra deyirsə ki, məni bağışlayın, bu üzr kimə lazımdır? İnsan hərəkətini nizamlamağı bacarmalıdır".
News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında jurnalist Anar Vəziroğlu Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında efirdə baş verən qalmaqaldan danışarkən deyib.
Anar Vəziroğlu baş verən münaqişədə Elza Seyidcahanı ittiham edib:
"Nə yazıq ki, mən həmin qalmaqalın şahidi oldum. Hər ikisinin bir-birinə qarşılıqlı ittihamı var idi. Flora xanım Elza Seyidcahana dedi ki, bizim milli adət-ənənəyə zidd olaraq geyinmisiniz. Nə istəsəniz geyinə bilərsiniz, amma yas yerinə papaq və bər-bəzəklə getməyin düz deyil. Elza xanım da onu ittiham etdi ki, zamanında sən də kürəyi açıq geyinmisən, filan hərəkətlər etmisən, haralara qədər getmisən və s. Verilişdə olan bütün iştirakçılar, qonaqlar da Elza xanımı ittiham etdilər. Elza xanım mikrofonu yerə çırpıb getdi. Düz etmədi. Dava etdin, bəs mikrofonu niyə yerə çırpırsan? Ondan sonra Elzanın bacısı studiyaya gəldi və şiddətli ittihamlarla danışdı. Bu hissə efirə getmədi".
Anar Vəziroğlu baş verən hadisədən məyus olduğnu deyib:
"Flora xanımı cəmiyyət tanıyır, elə-belə adam deyil, statusu var. Bəzi adamlar var ki, onun statuslarından istifadə edir. Ünvanına nəsə deyirlər, Flora xanım da onu verir məhkəməyə və reklam edilirlər. Belə hadisələrin sayı çoxdur. Hamı ondan istifadə edib məşhurlaşır. Nəticədə, Flora xanımın vaxtı gedir və yeni mahnılar yazdıra bilmir. Mən bunu Elzanın üzünə dedim. Flora xanım canlı korifeydi, 83 yaşı var. Biz onu qorumalıyıq, qayğısına qalmalıyıq. Elzanın hərəkətini bəyənmədim. İradını bildirə bilərsən, amma daha canlı efirdə belə tonda danışmaq olmaz. Elza lap ağını çıxartdı. Bu cür gündəmdə qalmaq düzgün deyil. Onsuz da izləyici bilir ki, kimin qabında nə var. İnsanları narazı salan Elzanın mikrofonu sındırması, yerə çırpılmasıdır. Bütün xalq efirə baxır. Sənətlə yadda qalmaq olmur, bunun üçün də gərək dava-qırğın edəsən. Biri Xalq, digəri də Əməkdar artist fəxri adını daşıyır. Elza xanım ona nəzakətlə verilən mikrofunu sakit şəkildə yerə qoyub gedə bilərdi, amma o nə etdi? Elzanı həmin mikrofon adam eləyib. Mikrofona hörmət etməlisən. Əgər, sən mikrofona tüpürüb onu yerə çırpırsansa, deməli, Əməkdar artist deyilsən”.
Anar Vəziroğlu hesab edir ki, baş verən davadan sonra üzr istəmək məsələnin həlli deyil və ola da bilməz:
"Bu kobudluğu bütün xalq görüb. Hamı gördü ki, Elza Seyidcahan Flora xanıma qarşı yaramaz hərəkətlər etdi. Bu, düzgün hərəkət deyildi".
Qeyd edək ki, telekanalların birində Əməkdar artist Elza Seyidcahanla Xalq artisti Flora Kərimova arasında qalmaqal yaranıb. Flora Kərimova bəstəkarı yas mərasiminə bər-bəzəkli, papaqda getməkdə ittiham edib. Bundan əsəbiləşən qarşı tərəf Flora Kərimovaya ağır sözlər deyib, mikrofonu yerə çırparaq, studiyanı tərk edib.