“Cəmiyyətdə varlı adamlara qarşı nifrət var” - Səbəbi açıqlandı
    • 12-01-2024, 22:10
    • 642

“Cəmiyyətdə varlı adamlara qarşı nifrət var” - Səbəbi açıqlandı

Məhşurların əksəriyyəti öz həyatlarını və var-dövlətlərini sosial şəbəkə izləyiciləri ilə bölüşür, müxtəlif efir verilişlərində bu barədə qabarıq şəkildə açıqlamalar verirlər. Bu hal isə cəmiyyətdə birmənalı qarşılanmır. Həmin şəxslərin fanatları buna sevinsə də, əksər insanlar onlara aqressiv reaksiya göstərirlər.

Maraqlıdır, sadə adamların tanınmış şəxslərin həyat tərzini bu qədər sərt qarşılamasının təməlində hansı səbəblər var?

Mövzu ilə bağlı tanınmış psixoloq Əfsanə Rüstəmova  “Yeni Sabah”a bir sıra nüansları açıqlayıb. Onun sözlərinə görə, bu tip düşüncələr insanların təhsil səviyyəsi ilə əlaqəlidir:

“Əslində, həmişə cəmiyyətdə varlı insanlara qarşı gizli ya da aşkar bir nifrət olub. Böyük ehtimalla bu, təhsil səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş dövlətlərdə analoji halları daha az görə bilərik. Təhsil səviyyəsi aşağı düşən ölkələrdə isə həmin stuasiya daha da çoxalır. Məlumdur ki, insanların dilə gətirə bildiyi, yaxud ifadə etməkdə çətinlik çəkdiyi gerçəklər var. Əlbəttə ki, onlar məmurlara olan aqressiyalarını cəsarətsizliklərindən dolayı açıq-aşkar deyə bilməzlər. Belə aqressiyaya məhşurlar daha çox məruz qalır. Bura həm müğənnilər, həm bloqerlər, eyni zamanda müxtəlif yollarla populyarlaşan şəxslər daxildir”. 

Ekspert bildirir ki, xalq məhşurların asan qazanc əldə etdiyini düşündüyü üçün onlara nifrət bəsləyir:

Populyarlaşan təbəqənin təhsil səviyyəsi və onların çəkdiyi zəhmət sadə xalqı qane etmir. Cəmiyyətdə həmin adamların bu qədər şan-şöhrətə layiq olmadığı düşünülür. Məhşurluğa gedən yolda atılan addımlar sadə insanlara əziyyətli görünmür. Camaat fikirləşir ki, bu asan qazanc yoludur. Əslində belə olmadığını da xüsusilə vurğulamaq lazımdır. Hər qazanc yolu olduqca çətin və məşəqqətlidir. Bütün peşələr istiqrar, disiplin və məsuliyyət tələb edir. Çoxları işin adətən rəngli tərəfini görür deyə, düşünür ki, məhşurlar bütün bunlara layiq deyil. Bunlar toplumun dəyər vahidlərindən yola çıxaraq verilən qərarlardır. Ancaq “layiq olmaq” ifadəsi kimə və nəyə görə dəyişir. Burada meyarı tənzimləmək lazımdır”. 

Psixoloq vurğulayır ki, insanları qıcıqlandıran səbəb həmişə məhşurların var-dövləti olmur:

“Fikrimcə, sadə xalqı qıcıqlandıran səbəb məhşurların varlı olmaları, imarətləri və həyatı deyil. Burada başqa bir nüans tanınmış şəxslərin bu var-dövləti göstərmə üslubudur. Ortalama Azərbaycan ailəsindəki maddi imkan və sosial şəraitin hansı səviyyədə olduğunu nəzərə alanda həmin nüansın kifayət qədər yetərli bir səbəb olduğunu görmək mümkündür”. 

Eskpert insanlara tövsiyə edib ki, hər kəs özünün əvvəl və indiki halını müqayisə edərsə, bu zaman həyat daha asan olar:

“Həll yolu olaraq, insanlar öz inkişafları və həyatları ilə məşğul olsalar belə məqamlara nifrət bəsləməyəcəklər. Əslində çox yaxşı olardı ki, hər kəs özünün keçmiş və bugün olan səviyyəsini müqayisə etsin. Yəni “əvvəl harada, hansı şəraitdə və necə yaşayırdım, ancaq indi hansı səviyyəyə çatıb, inkişaf etmişəm” kimi qarşılaşdırmalar bizlərə bu mənada daha yaxşı təsir edəcək və həyatımızı daha effektiv şəkildə dəyişəcək. Çünki sözügedən adamları da məhşur edən, imarətləri almalarına səbəb olan qonararı məclisinə dəvət edərək ödəyən də sadə dediyimiz xalqdır. Bu səbəbdən düşünürəm ki, həyatımızda müəyyən qədər harmoniya olmalıdır. Biz isə harmoniyanı mümkün qədər balanslaşdırıb, mehriban yaşamağın yolunu tapmalıyıq. Sirkə nə qədər tünd olsa, öz qabını çartladır. Ona görə də, insandakı aqressiya birbaşa özünə ziyan verir. Qarşındakının həyatına isə o qədər də təsir etmir”.