Ayova ştatında keçirilən ilkin seçkilərdə Tramp liderdir
    • 16-01-2024, 08:18
    • 189

Ayova ştatında keçirilən ilkin seçkilərdə Tramp liderdir


Respublikaçıların Ayova ştatında keçirilən praymeriz üçün ilkin səsvermənin nəticələri göstərir ki, keçmiş ABŞ prezidenti Donald Tramp bütün namizədlər arasında liderdir.

News24.az “Report”a istinadla xəbər verir ki, seçicilərin 70%-dən çoxu ona səs verib ki, bu da digər namizədləri xeyli qabaqlayır.

İkinci yerdə Respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.

Ayova Respublikaçı qrup toplantıları bazar ertəsi keçirilir və partiyanın prezidentliyə namizədinin müəyyən edilməsində ilk addımdır.

Amerikanın CNN, NBC və Fox News telekanalları da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb. Telekanallar proqnozlarını ilk səsvermənin nəticələrinə və öz təhlillərinə əsaslandırır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə bildirib: “Bir neçə dəqiqədən sonra çox layiqli rəqibləri məğlub etdiyimi elan etmələri böyük şərəfdir. Bu, möhtəşəm hadisə və möhtəşəm hissdir”.

Nümayəndələr Palatasının spikeri Mayk Conson keçmiş prezident Donald Trampın qələbəsini alqışlayıb: "Onun bu axşamkı qəti və tarixi qələbəsi partiyamızı birliyə yaxınlaşdırmalıdır ki, noyabrda (prezident seçkiləri - Qeyd) yekun qələbə qazana bilək", - Conson bildirib.