-
- 19-01-2024, 16:50
- 165
Almaniya deportasiya ilə bağlı tədbirləri sərtləşdirir
Almaniya Bundestaqı Almaniyada qalmaq üçün hüquqi əsası olmayan əcnəbilərin deportasiyası üçün tədbirləri sərtləşdirən qanun qəbul edib.
News24.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni qanunun məqsədi qaçqın statusu almaqdan imtina edən miqrantların Almaniyanı tərk edərək öz ölkələrinə qayıtmasını təmin etməkdir. O, həmçinin insan qaçaqmalçılığı ilə məşğul olanlara qarşı daha sərt cəzalar nəzərdə tutur.
Ən əhəmiyyətli dəyişikliklərdən biri deportasiyaya qədər qeyri-qanuni mühacirlərin tutulma müddətinin 10 gündən 28 günə qədər uzadılmasıdır. Bundan başqa, polisə deportasiya edilməli olan əcnəbiləri təkcə onların yaşadıqları qaçqın yataqxanalarının binalarında deyil, başqa yerlərdə də axtarışa vermək hüququ verilib. Bu hərəkətlərə hətta gecə də icazə veriləcək və deportasiyanın özü ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyəcək. İstisna yalnız 12 yaşından kiçik uşaqları olan ailələr üçün nəzərdə tutulub.
Bununla belə, qanun sığınacaq axtaranlara ölkəyə gəldikdən altı ay sonra Almaniyada iş tapmağa icazə verir. Əvvəllər bu, doqquz aydan sonra mümkün idi.
Məlumatlara görə, 2023-cü ildə Almaniyadan qeyri-qanuni mühacirlərin deportasiyası ilə bağlı 16 430 fakt qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricisindən 27% çoxdur.
Nəzrin