Xalq artistindən teleaparıcılara USTAD QINAĞI: “Peşə anlayışları yoxdur”
    • 19-01-2024, 21:19
    • 715

Xalq artistindən teleaparıcılara USTAD QINAĞI: “Peşə anlayışları yoxdur”

“Baxıram, aparıcıların çoxu qəddardır, canlı yayımda qonağı çətin vəziyyətdə salır, ona acımır”

News24.az xəbər verir ki, bu fikirləri Xalq artisti Ofeliya Sənani Yenicag.az-a açıqlamasında deyib.

Məşhur diktor gənc həmkarları ilə bağlı sərt iradlar səsləndirib:

“Aparıcı dəvət etdiyi qonağına hörmət etmir. Həmin qonaq da bəzən məcbur olub studiyanı tərk edir. Bundan sonra aparıcı həmin qonağın ardınca sərt fikirlər səsləndirir, onu aşağılayır.

Əslində, peşəkar aparıcı qonaqla necə davranmaq lazım olduğunu bilməlidir. Onun heysiyyətinə toxunmaq olmaz. Aparıcı hətta dəvət etdiyi qonağa hansı mövzuda suallar verəcəyini qabaqcadan bildirməlidir, onu məlumatlandırmalıdır.

Baxıram, aparıcıların çoxu qəddardır, canlı yayımda qonağı çətin vəziyyətdə salır, ona acımır. Yalnız öz reytinqini düşünür. Belə olmaz. Bizim vaxtlarımızda həftədə bir dəfə rəhbərliyin göstərişi ilə “letuçka” keçirilirdi. Gənc aparıcılara efirdə davranış qaydaları, qonaqla rəftar, mədəniyyət, danışıq tərzi öyrədilirdi.

İndi belə şeylər yoxdur. Kim necə istəyir, özünü o cür də aparır. Fikrimcə, telekanal rəhbərləri yaşlı, peşəkar, təcrübəli diktorları bu işə cəlb etməli və aparıcıların yetişdirilməsi üçün addım atmalıdır.

Axı aparıcı həm də televiziyanın simasıdır, xalqın qarşısına çıxır. Bütün bunların əsasında qeyri-peşəkarlıq və savadsızlıq dayanır. Çoxunun bu peşədən anlayışı yoxdur; biri mühəndisliyi bitirib, biri aktyorluğu, digəri də başqa ixtisası. Jurnalistikadan bixəbərdirlər”.