Ceyhun Bayramov Somalinin dövlət naziri ilə görüşüb
    • 19-01-2024, 20:53
    • 264

Ceyhun Bayramov Somalinin dövlət naziri ilə görüşüb


19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşü çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər ilə görüşüb.

XİN-dən News24.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, iki ölkənin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı təmaslar və əməkdaşlığın münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə olunub.

Təhsil sahəsində ölkəmiz tərəfindən İslam Əməkdaşlıq Təşkilatı və QH-ya üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığı, həmçinin sözügedən proqramlarda Somalidən tələbələrin aktiv iştirakı qeyd edilib.

Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi səylərə, xüsusilə COVID-19 pandemiyası, habelə postpandemiya dövründə Hərəkat üzvləri arasında əlaqələndirmənin gücləndirilməsi istiqamətində təşəbbüslərin irəli sürülməsi ilə bağlı təşəkkür edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.