-
- 23-01-2024, 21:06
- 445
“Uşaqlara cinsi tərbiyə verilməməsi zərərli vərdişlərə gətirib çıxarır” — Psixoloq
Bakı şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə seksual xarakterli hərəkətlərə məruz qalıb. Tribunainfo.az saytına daxil olan məlumatda bildirilir ki, uşaq böyük psixoloji travma alıb, sağlamlıq problemləri yaranıb, məktəbə getmək istəmir. Valideynləri bu hərəkəti edən şagirdlərin məktəbdən uzaqlaşdırılmasını tələb etsə də hələ ki rəhbərlik tərəfindən heç bir tədbir görülməyib.
Hadisənin baş verməsinin səbəblərinə dair psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik.
Ekspert Demokrat.az-a açıqlamasında xüsusən də uşaqlar arasında belə hadisələrin yayılmasını cəmiyyətdə cinsi tərbiyə mövzularına yer verilməməsi ilə əlaqələndirdi:
“Bizim ölkədə cinsi rərbiyə anlayışı yox səviyyəsindədir. Aşağı yaşlardan etibarən uşaqlara cinsi tərbiyə verilməlidir. Uşaq bu barədə suallar verəndə valideyn ona irad tutur, ayıbdır deyib heç nə izah etmir. Məktəbdə də bu mövzuların tədrisinə yer verilmir, məktəb psixoloqu bu barədə şagirdlərlə söhbət aparmır. Uşaqlar cinsi tərbiyə olunmadan böyüyürlər. Nəinki uşaq və yeniyetmələrdə, böyüklərdə də cinsi aclıq hiss olunur. Sosial şəbəkələrə giriş üçün yaş həddi qoyulub, amma buna fikir verən yoxdur. Uşaqlar sosial şəbəkələrə daxil olub yaşlarına uyğun olmayan videolar izləyir, porno saytlara girirlər. Virtualda gördüklərini başlayırlar kimlərinsə üzərində həyata keçirməyə. Kişilər sevgili adı ilə ova çıxırlar, uşaqlar da yeniyetməlik dövründən hisslərini qabarıq şəkildə büruzə verməyə başlayırlar.
Bu hadisənin necə baş verdiyini bilmirik. Amma hadisənin baş verdiyini təsdiq edən faktlar varsa, törədənləri məktəbdən uzaqlaşdırmaq çıxış yolu deyil. Həmin məktəbdəki uşaqlar üçün təhlükə sovuşsa da, cəmiyyətdə təhlükə qalmağa davam edəcək, həmin uşaqlar başqalarına da zərər verə bilər. Həmin uşaqları psixoloqa aparmaq lazımdır, çətin tərbiyə olunan uşaqlardırsa onlar xüsusi məktəblərdə oxumalıdırlar. Yeniyetmələrdə bu cür zərərli vərdişlər ailədə, daha sonra isə bağça və məktəblərdə cinsi tərbiyənin aşılanmamasından qaynaqlanır”.