Köçəryan və Sərkisyana “soyuq duş” – Artıq Kremldə də...
    • 24-01-2024, 11:48
    • 158

Köçəryan və Sərkisyana “soyuq duş” – Artıq Kremldə də...

Artıq Rusiya da Ermənistanın revanşist müxalifəti (“Qarabağ klanı”) ilə əməkdaşlıq etmək istəmir.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetinin məqaləsində deyilir.

Nəşr Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra revanşistlərlə belə bir əməkdaşlığa maraq göstərilmədiyini yazır:

“Nə Qərb, nə də Rusiya parlamentdəki müxalifətlə əməkdaşlıq edir. Deputatlardan birinin dediyinə görə, müxalif parlament üzvlərinin hamısı Ermənistandakı bütün səfirlər üçün “arzuolunmaz şəxs” elan edilib. Müxalifət görüş istəyəndə ya cavab vermirlər, ya da aylar sonra deputatların məlumat vermək, müzakirə etmək istədikləri məsələ aktuallığını itirəndə cavab verirlər. Bəzi hallarda isə səfirlər qulaq asırlar, amma barmaqlarını da tərpətmirlər.

Əvvəllər ictimai tədbirlər zamanı səfirlərin özləri müxalifətdən olan deputatlarla əlaqə qurur, mövcud hakimiyyətə təsir etməyə çalışırdılar. İndi nə insan haqlarının pozulması, nə media problemləri, nə də siyasi təqiblər qərbli “demokratlar”ı narahat edir”.

Söhbət parlamentdəki “Ermənistan” və “Şərəfim Var” fraksiyaları ilə əməkdaşlıqdan gedir. Sözügedən fraksiyaların liderləri sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyandır.