"Bu cür valideynlər uşağın psixologiyasını məhv edir" - Sosioloqdan XƏBƏRDARLIQ
    • 26-01-2024, 15:00
    • 458

"Bu cür valideynlər uşağın psixologiyasını məhv edir" - Sosioloqdan XƏBƏRDARLIQ

Məktəblərlə valideynlər arasında sıx əlaqə olmalıdır. Məktəb valideynlərlə işləyib, onları maarifləndirməlidirlər. Biz təhsil sistemimizdə çox ciddi bir islahat etməliyik ki, müəllim ilə ailəni, valideyni birləşdirək. Valideyni maarifləndirmək funksiyasını məktəb öz üzərinə götürməlidir. Bunun üçün isə sosial iş xidməti yaradılmalıdır. 

Bu sözləri News24.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, valideynlər hər zaman uşaqları ilə arasında ahəngdar münasibət qurulmasına çalışmalıdır:

“Uşağı döymək, ona əzab verən suallar vermək, uşaqları psixoloji olaraq sındırmaq qəti şəkildə olmaz. Onlarla davranmağın özünəməxsus üsulları var. Valideyn özü bilməlidir ki, onların arasındakı münasibət uşaqların həyatında böyük rol oynayır. Uşaq görəndə ki, ana və atası bir-biri ilə mehriban, ahəngdar münasibətdədir, uşaq da həmin xoş münasibətdən enerji alır. Amma görəndə ki, ana-ata bir-biri ilə dalaşır, mübahisə edir, bu uşağın bütün psixologiyasını məhv edir. Ona görə də, ilk növbədə uşaqların yanında dalaşmaq, bir-birini söymək, bir-birinə əl qaldırmaq, bu tərz hərəktlər etmək olmaz”.

Sosioloq onu da qeyd edib ki, uşaq beşikdə olandan valideynin ona olan münasibəti onun xarakterinin formalaşmasına çox mühüm təsir edir:

“Biz valideynlər 2 yaşından usağı kəşf etməyə çalışmalıyıq ki, onun hansı bacarığa sahib olduğunu bilək və onu inkişaf etdirək. Biz bu dövrlərdə uşaqlarımızı pərt edə, onlara psixoloji travma yaşada bilmərik. Uşağa ən yaxşı nümunə öz atası və anasıdır. Valideynlərin hərəkətləri uşaqlar üçün böyük nümunədir”.

Mehriban Mirzəzadə