"Valideynlər bal dalınca qaçdıqca, şagirdlər "KÜÇƏ UŞAĞI"NA ÇEVRİLƏCƏK"
    • 4-10-2022, 16:55
    • 571

"Valideynlər bal dalınca qaçdıqca, şagirdlər "KÜÇƏ UŞAĞI"NA ÇEVRİLƏCƏK"

"Şagirdlərdən birinin digərini döyməsi barədə yayılan video Azərbaycan təhsili, məktəbləri üçün başucalığı gətirən hadisə deyil. Son zamanlar məktəbdə bu tip videoların yayılması geniş vüsət alıb. Valideynlərin yalnız uşağın təlimi ilə məşğul olması, bal arxasınca qaçması, hansı uşaq neçə bal toplayıb, kim hansı universitetə qəbul olunub yöndəki fikirləri önəmsəməsi tərbiyə mövzusunu arxa plana keçirib. Bütün diqqət tədris məsələlərinə yönəlib. Halbuki məktəb öz mahiyyətinə görə təlim-tərbiyə ocağıdır. Təlimi tərbiyəsiz təsəvvür etmək mümkün deyil. Tərbiyə işinin aşağı səviyyədə olmasını isə təkcə məktəbin üzərinə atmaq da ədalətsiz yanaşma olar. Məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə baş verən istənilən proses məktəblərə də təsirsiz ötüşmür. Bu gün uşaqlar dərsdən, məktəbdən, ailədən çox öz vaxtlarını virtual məkanda keçirir. Məlum video ilə bağlı da müxtəlif mövqelər var. Məktəbi də günahlandıran var, şagirdi də. Ancaq günahı tək bir amildə axtarmaq düzgün yanaşma deyil. Bu, əslində ümumi cəmiyyətin problemidir". 

Bu sözləri News24.az-a açıqlamasında Təhsil eksperti Nadir İsrafilov deyib. 

Ekspert çıxış yolundan da bəhs edib: "Azərbaycanda bütün qanunvericilik uşaq hüquqlarının müdafiəsinə yönəlib. Bizim qanunvericilikdə valideyn məsuliyyəti haqqında heç bir maddə yoxdur. Qanunvericiliyə bu barədə maddələr daxil edilməlidir. Məktəb təklikdə belə problemlərin öhdəsindən gələ bilməz. Valideyn və məktəb daim ünsiyyətdə olmalıdır. Hazırda bu ünsiyyət də artıq virtuala keçib. Bu əməkdaşlığın optimal forması tapılmadıqca məktəblərdə bu cür hallar baş verəcək. Bu cür uşaqları məktəbdən kənarlaşdırmaq da düzgün çıxış yolu deyil. Bu mövqe başqa neqativlərə yol açacaq. Onda da şagird "küçə uşağı"na çevriləcək. Müəllim və şagirdlərdən ibarət növbətçilər olmalıdır ki, bu kimi hallara nəzarət etsinlər".

“Alfa” və “Z” nəsli özündən əvvəlkilərdən kəskin fərqlənir. Onlar heç bir təzyiqi, əlavə müdaxiləni qəbul etmək istəmir”. Bu fikirləri isə təhsil eksperti Asif Cahangirov bildirib. 

Onun fikrincə, bu nəslin uşaqlarına belə yanaşma düzgün deyil və bu, heç bir müsbət nəticə verməyəcək: “Bəziləri deyir ki, bu cür uşaqlar məktəbdən uzaqlaşdırılmalıdır. Halbuki bu, çox yanlış fikirdir. Biz bu nəslin uşaqlarını dərindən dərk etməliyik. Bu gün ən vacib məsələ valideynlərin müəllimlərlə birgə fəaliyyəti, valideynlərin maarifləndirilməsidir. Bunun üçün isə müəllimlərin peşəkar inkişafı təmin olunmalıdır. Soruşaq, görək müəllimlik ixtisası üzrə təhsil alanlara bu nəsil uşaqlarla davranış qaydaları öyrədilirmi? Bu uşaqları uzaqlaşdırmaq, təcrid etmək problemin həll yolu ola bilməz. Bu uşaqlar özünə hörmət istəyir, diskussiya tələb edir. Nə valideyn, nə də müəllim bu uşaqlarla ünsiyyət qurmağa, onları anlamağa çalışmır. Ünsiyyət qurma, empatiya səriştəliliyi aşılanmır. Bu uşaqlar diqqət tələb edir. Onlara təzyiq göstərmək heç bir həll yolu olmayacaq".
 

Təhsil Eksperti Qoşqar Məhərrəmova görə, məktəblərdə neqativ halların qarşısının alınması üçün şagirdlər, müəllimlər və valideynlərə məktəblərdə davranış qaydalarını əhatə edən kitabça hazırlanmalıdır. Bu kitabça Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq təcrübəyə əsaslanmalıdır: "Həmin sənəddə müəllim, şagird və valideynlərin hüquqları, vəzifə və öhdəlikləri öz əksini tapmalıdır. Təkcə hazırlamaqla kifayətlənməməliyik, həm də bu maddələri düzgün şəkildə izah etməliyik. Valideyn, şagird, müəllim bilməlidir ki, nəyi edə bilməz, nəyi etsə, nəticəsi nə olacaq. Şagird, valideyn edəcəyi əməlin nə ilə nəticələnəcəyini əvvəlcədən bilməlidir. Məktəbdə hər dəhlizdə müəllim, mühafizə, məktəblinin dostu olmalıdır ki, həmin sənədin tələblərinin həyata keçirilməsinə nəzarət etsin. Məktəblərdə ciddi nizamnamə problemi var. Bu gün şagirdlərin birinin digərini döyməsi bir şəxsin, qurumun problemi deyil. Bu, ümumi problemdir".

Qumral ƏLİYEVA