Bəzi valideynlər uşağı "başından etmək" üçün məktəbə göndərir - Nadir İsrafilov
    • 16-02-2023, 16:57
    • 337

Bəzi valideynlər uşağı "başından etmək" üçün məktəbə göndərir - Nadir İsrafilov

"Bizim dövrümüzdə qızların dərsdən qaçması deyilən bir anlayış olmayıb. Yəni, Sovet dönəmində qaçmaq oğlanlara xas olub və onlar da dərsdən iki qiyməti almamaqdan ötrü qaçırdılar. Həmin vaxtlar təhsildən yayınmaya görə direktor, onun müavini işdən azad oluna bilərdi. Yəni, bu məsələlərə həddindən artıq çox ciddi baxılırdı". 

Bu sözləri News24.az-a açıqlamasında  təhsil eksperti Nadir İsrafilov deyib. Ekspertin sözlərinə görə, dünyaya çıxış məktəblilərin tərbiyəsinə də öz təsirini göstərib:

"Bu gün internet əsridir, hər kəsin dünyaya çıxışı rahatdır. Düşünürəm ki, bu da təhsilə öz mənfi təsirini göstərib. Bu gün ən böyük problemimiz odur ki, təhsildə ifrat dərəcədə "kim neçə bal toplayacaq, ali məktəbə girəcək" kimi mövzular dolaşır. Bu isə düzgün deyil. Çünki məktəb təlim-tərbiyə müəssisəsidir. Bu gün bizdə əsas diqqət təlimə gedir, tərbiyə isə bir növ kölgədə qalıb. Məktəblərdə son vaxtlar müəllim-şagird münasibətlərində soyuqluq əmələ gəlib. Kimi bu məsələdə məktəbi-müəllimi günahlandırır, kimisi də şagirdi. Biz burada ancaq günahkar axtarırıq. Hansısa direktoru işdən çıxartmaqla, kim zəmanət verə bilər ki, bu məsələ dayanacaq? Bu məsələyə kompleks yanaşmaq lazımdır".
Ekspert diqqətə çatdırıb ki, bu gün valideyn məsuliyyəti də yoxdur. 

"Bəzi valideynlər uşağı məktəbə saxlama kamerası məqsədilə göndərir. "Getsin, təki mənim başım rahat olsun" kimi düşünən valideynlər az deyil. Təəssüf ki, bu gün valideynlər məsuliyyətə cəlb edilmir. Ancaq dünyanın  əksər ölkələrində valideyn məsuliyyəti var. Ümumiyyətlə, tərbiyə işi ailədən başlayır. Ailə tərbiyəsini uşaq beşikdən görməlidir. Yəni, 6 yaşına qədər uşaq valideynin yanında olur və heç olmasa onun ilkin tərbiyəsi olsun. Məktəbdə məsuliyyət şagird-valideyn-müəllim arasında bərabər paylaşılmayacaqsa, bu cür halların baş verməsi də qaçılmaz olacaq".

Aynurə FATEH