İranın xarici işlər naziri Pakistana gəldi
    • 29-01-2024, 13:00
    • 186

İranın xarici işlər naziri Pakistana gəldi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistana gəlib. 

News24.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İran xarici işlər naziri İslamabada Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilanın dəvəti ilə gəlib. Nur Xan hava limanında onu Pakistanın xarici işlər nazirinin Əfqanıstan və Qərbi Asiya məsələləri üzrə müavini qarşılayıb”,- məlumatda qeyd edilib.

Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki Ceyş əl-Zolm terror qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır. İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olub.

Xatırladaq ki, yanvarın 17-də Pakistan Xarici İşlər Nazirliyi öz səfiri Məhəmməd Mudassir Tipunun Tehrandan geri çağırılması barədə məlumat verib və həmin vaxt vətənində olan İran diplomatik missiyasının rəhbəri Rza Əmiri Müqədddəmə hələlik İslamabada qayıtmamağı tövsiyə edib. Yanvarın 18-də Pakistan Silahlı Qüvvələri antiterror əməliyyatı keçirib və bu əməliyyat zamanı İranın Sistan və Bəlucistan əyalətində Bəlucistan Azadlıq Cəbhəsi və Bəlucistan Azadlıq Ordusu ekstremistlərinin sığınacaqlarına zərbələr endirilib.

Mehriban Mirzəzadə