Yaşlı qadını qucağına alan yeniyetməni hansı cəza gözləyir?
    • 29-01-2024, 17:46
    • 695

Yaşlı qadını qucağına alan yeniyetməni hansı cəza gözləyir?

Bir neçə gündür "Tiktok"da yeniyetmənin ictimai yerlərdə qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılır. Yeniyetmə avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır. Sonuncu videosunda isə o, yaşlı qadını qucağına alaraq onu narahat edib. DİN hadisəyə münasibət bildirərək qeyd edib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirib. Bəs, hərəkətləri ilə insanları narahat edən yeniyetmə davranışlarına görə cəza ala bilərmi? Cəza alacağı təqdirdə onu hansı cəza gözləyir?

Bu barədə News24.az-a açıqlama verən vəkil Əziz Qənbərli bildirib ki, sözügedən şəxsin yaşı imkan verərsə, inzibati xəta və ya cinayət məsuliyyətinə cəlb edilə bilər:

"Həmin yeniyetmənin cinayət məsuliyyətinə cəlb edilə bilməsini demək üçün yeniyetmənin həmin hərəkətləri yerinə yetirirəkən niyyətini dəqiqləşdirmək lazımdır. Eyni zamanda yaşını bilmək vacibdir. Məlumata əsasən, uşaq psixi dispanserə yerləşdirilib. Onun niyyətini bilmədən məsuliyyətindən danışmaq tezdir. Ancaq şəxsin yaşı cinayət məsuliyyətinə cəlb etməyə imkan verərsə və şəxs bu hərəkətləri ilə özünü hər kəsin fövqündə görürsə, onun əməlinə xuliqanlıq kimi qiymət vermək olar. Bu işin hallarına əsasən inzibati xəta və ya cinayət məsuliyyəti ola bilər. Bir daha qeyd edirəm ki, yaşı imkan verirsə".

Xatırladaq ki, "Jalilov" adı ilə videolar paylaşan yeniyetmə Azərbaycan tanınmış dövlət və siyasi xadimi, vaxtilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun nəvəsidir. Eyni zamanda o, babasının adını daşıyır.

Qumral