Trampın vergi sənədlərini sızdıran şəxsə 5 il həbs cəzası
    • 30-01-2024, 08:10
    • 175

Trampın vergi sənədlərini sızdıran şəxsə 5 il həbs cəzası

ABŞ-ın eks prezidenti Donald Trampın vergi sənədlərini mətbuata sızdıran ABŞ Vergi İdarəsinin keçmiş subpodratçısı Çarlz Litlcon Vaşinqtonda federal məhkəmədə keçirilən iclasda hakim qarşısına çıxıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrında prokurorla razılaşan və "Amerikalının federal vergi bəyannamələrini qeyri-qanuni şəkildə açıqlamaq" ittihamını qəbul edən Litlcon 5 il həbs və 5 min dollar pul cəzasına məhkum edilib.

Məhkəmədə ittiham tərəfi Litleconun minlərlə amerikalının federal vergi bəyannamələrini və digər şəxsi maliyyə məlumatlarını qeyri-qanuni olaraq bir çox xəbər təşkilatlarına açıqlayaraq vəzifəsindən sui-istifadə etdiyi iddiasını irəli sürüb. 

Qeyd edək ki, 38 yaşlı Litlcon 1000-dən çox milyarderin vergi bəyannamələrini, o cümlədən keçmiş prezident Donald Trampın qeydlərini subpodratçı kimi işlədiyi ABŞ Vergilər İdarəsinə məxsus kompüterdən sızdıraraq, onları “New York Times” və “ProPublica” kimi media qurumlarına ötürüb.

Teymur Məmmədov