-
- 8-02-2024, 16:20
- 371
Xankəndidə yenidən qatarların fit səsi eşidiləcək...
Ötən əsrin 90-cı illərində erməni işğalı Azərbaycanın dəmiryolu infrastrukturuna zərər vurmuşdu. Bütün sahələrdə olduğu kimi, burada da yalnız dağıntı buraxan qonşularımız Yevlaxdan Xankəndiyə doğru hərəkət edən qatar yollarını da yerində torpaqdan təpələr saxlamışdı. Bu gün isə artıq işğaldan azad olunan bütün ərazilərimizdə bərpa quruculuq işləri aparılır.
News24.az bildirir ki, yaşlı nəslin nümayəndələri bu yerləri abad, firavan xatırlayırlar. Modern.az-ın məlumatına görə, 1978-ci ildə salınan Yevlax-Xankəndi dəmiryolu ilə həm yük, həm də sərnişin qatarları hərəkət edirdi.
Bakıdan gələn qatarlar Yevlax, Bərdə, Ağdam, Əsgəran və Xocalıdan keçərək Xankəndiyə gedirdi. Dəmiryolu stansiyasının xidmətindən Xocalı, Əsgəran,Xocavənd, Ağdərə və Laçın əhalisi yararlanırdı.
Xocalı sakini Şahmar Həsənov İTV-yə açıqlamasında dəmir yollarının fəaliyyətini belə xatırlayır: “Yük qatarları Xankəndinin ətəyinə gəlirdi. Vaxtilə sərnişin qatarları yox idi. Bakıdan gələndə Ağdamda düşürüdük. Hərə oradan öz kəndinə, obasına gedirdi”.
Lakin Ermənsitanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi dəmiryolu infrastrukturuna da ciddi ziyan dəyib. Dəmiryolu xətti dağıdılıb, stansiyalar, yollar, ərazidəki vaqonlar məhv edilib. İndi dəmiryolunun hansı əraziləri əhatə etdiyini çətinliklə müəyyən etmək olur.Xəttin Əsgərandan keçən hissəsində ancaq torpaq təpəciklərdən, Xocalıda isə körpüdən başqa heç bir nişanə qalmayıb.
Xocalıdakı dəmiryolu körpüsü dağıdılıb, üzərindəki relslər isə qarət olunub. Xankəndidə yerləşən dəmiryolu vağzalının binası da tanınmaz hala salınıb. Ərazidəki binanın üzərində və bir neçə yük qatarından buranın həmin məşhur Xankəndi qatarı olduğu anlaşılır. Bir vaxtlar hay-küylü olan vağzal kimlər üçün iş, kimlər üçün isə görüş yeriydi.
1992-ci ildə fəaliyyətini dayandıran “Yevlax-Xankəndi” dəmiryolu xətti fəaliyyətini dayandırmışdı. İndi isə Qarabağ işğaldan azaddır. Bu gün digər ərazilərdə olduğu kimi Xankəndidə də bərpa-quruculuq işləri gedir. Hazırda tərk edilmiş ərazini andıran bu dəmiryolu vağzalı da bərpa olunacaq.
Yenidən burada qatarların fit səsi eşidiləcək və mənzil başına tələsən sərnişinlərin xoş həyəcanı duyulacaq.