Təhsil naziri məktəb direktorlarına tapşırıq verib:
    • 17-04-2019, 15:47
    • 4 050

Təhsil naziri məktəb direktorlarına tapşırıq verib: "Hər bir şagirdinizi tanıyın!"

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

News24.az-ın məlumatına görə, nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.

Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.   

Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.