Hərbi xidmətdən “Neqodnı” adı ilə yayınanlar üçün PİS XƏBƏR - 2024-cü ilin bu TARİXİNDƏ...
    • 9-02-2024, 22:30
    • 454

Hərbi xidmətdən “Neqodnı” adı ilə yayınanlar üçün PİS XƏBƏR - 2024-cü ilin bu TARİXİNDƏ...


Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Əlavə etməliyik ki, ümumiyyətlə, keçən ilin sonlarından bu yana hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri ciddi şəkildə davam etdirilir.

Fevralın 6-da Baş Prokurorluqdan verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib. Qeyd etmək lazımdır ki, müxtəlif qeyri-qanuni üsullarla hərbi xidmətdən yayınanların narahat olmaları üçün kifayət qədər ciddi əsaslar var. Çünki bununla bağlı bir sıra dövlət orqanları ciddi şəkildə çalışır və qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Bəs hərbi xidmətə çağrışla bağlı son zamanlar qəbul edilən yeniliklər və bu sahəyə nəzarətin gücləndirilməsi nədən xəbər verir?

Məsələ ilə bağlı Referans.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Ramiz Şərifov bildirib ki, hərbi xidmətdən qanunsuz yayınma hallarının artması sonda çox ciddi qərarların verilməsinə gitirib çıxardı:

“Hərbi xidmətdən qanunsuz yayınma halları var idi və bu son zamanlar geniş vüsət almışdı. Pul müqabilində, müxtəlif tanışlıqlar və ya başqa bir yolla hərbi xidmətdən yayınanlar olurdu. Bəzi vətəndaşlar xidmətdən yayınırdı. Saxta yolla hərbi bilet alıb, hər 3 ildən bir gəlib təkrar yoxlamadan keçirdilər, guya ki bunlar xidmətə yararsızdır. Son zamanlar qəbul olunmuş qərara görə, xidmətdən yayınma məsələsinin aradan qaldırılması üçün müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq”. 

Ekspert qeyd edib ki, elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqların quraşdırılması istiqamətində işlər görülür: “Artıq bilindiyi kimi, vətəndaşların hərbi xidmətə yaralı və ya yarasız olması ilə bağlı tibbi müayinə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətindən alınaraq DSMF-nun tərkibinə verilib. Hazırda 2024-cü ildən başlayaraq xidmətdən yayınanlar da çağrılır ki, gəlib yenidən müayinədən keçsinlər. Kimin həqiqi xəstəliyi yoxdursa, onlar birmənalı olaraq xidmətə çağrılacaqlar”.

Ramiz Şərifov əlavə edib ki, həmin şəxslərin arasında ailəli və ya uşaqları olanlar olsa da, bu xidmətdən yayınmağa əsas verməyəcək. Artıq hər bir şəxs böyük bir həkim kollektivinin nəzarətindən keçəcək. Yaşı çox olsa da, olmasa da hər kəs gedib xidmət borcunu yerinə yetirəcək. Hərbi xidmətdən könüllü yayınanlar nə qədər tez gedib öz vəzifə borclarını yerinə yetirsələr, onlar üçün o qədər yaxşı olacaq.

Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, yeni dəyişikliklərin müsbət mənada çox ciddi təsirləri olacaq:

"Əlbəttə, ötən ilin sonlarında qanunvericilikdə bu barədə dəyişiklik oldu, hazırda onun müddəaları tətbiq olunacaq. İstər rüşvət, istərsədə hansısa formada tapşırıqla hərbi xidmətdən yayınanlar üçün tədbir görülməlidir. Bununla bağlı da yeni tibb komissiyası formalaşdı və müəyyən dərəcədə qurumun bütün səlahiyyətləri dəyişdi. Hər halda məsələyə daha prinsipial münasibət bildiriləcək. Elə olmalıdır ki, köhnə fərq artıq ortadan qaldırılmalıdır".

Deputat əlavə edib ki, yeni qərarlar və görülən profilaktik tədbirlər nəticəsində keçmişdə olan bütün neqativ hallar aradan qaldırılacaq. Bu istiqamətdə də müvafiq qurum öz strategiyasın hazırlayıb və həyata keçirəcək.