İlon Maskın "başı ağrıya" bilər
    • 14-02-2024, 10:53
    • 166

İlon Maskın "başı ağrıya" bilər

Vətəndaş müharibəsi mühitində olan Sudan bu dəfə İlon Maskın şirkəti SpaceX-in Starlink peyk sistemi ilə gündəmdədir. Sudandakı bəzi milislərin bu sistemdən istifadə edərək internetə qoşulduğu ortaya çıxıb. Bu vəziyyət hökumətə qarşı döyüşən milisləri üstünlük təşkil etsə də, ölkədə internet kəsilməsindən əziyyət çəkən insanlar üçün yaxşı xəbər ola bilər.

News24.az xəbər verir ki, Sudan milislərinin avqust ayından etibarən Starlink peyklərindən istifadə edərək internetə qoşulduğu iddia edilib. İnternetdə görünən bəzi görüntülər və milislərin hazırkı yazıları bu iddiaları tamamilə təsdiqləyir.

Sudanda ticarətlə məşğul olan Hassan Abdul Alaal adlı şəxsin saatda 2 dollara Starlink dəstəyi ilə internet xidməti təqdim etdiyi də məlum olub. Lakin nə Starlink rəhbərliyi, nə də Sudan rəsmiləri bu günə qədər məsələ ilə bağlı açıqlama veriblər.

Sudanda 2023-cü ilin aprel ayında başlayan vətəndaş müharibəsində 12 min insan həyatını itirdiyi halda, 9 milyon insan başqa ölkələrə köç etmək məcburiyyətində qalıb. Həm Sudan hökumətinin, həm də Sudan milislərinin hərbi cinayətlər törətdiyi də iddia edilir.

Bu iddialar doğrudursa, Starlink peyk sistemlərini yerləşdirən SpaceX-in və buna görə də İlon Maskın böyük başağrısı ola bilər. Bu yaxınlarda bu peyklərin Rusiya tərəfindən Ukraynaya qarşı istifadə edildiyi iddia edilirdi.

Günel Məlikzadə