Dünya ayağa qalxdı! -
    • 16-02-2024, 11:44
    • 430

Dünya ayağa qalxdı! - "Qiyamət ssenarisi"...

Rusiyanın kosmosa nüvə silahı yerləşdirmə planları dünəndən etibarən dünyanın ən mühüm gündəm mövzularından biridir. Britaniya mediası “qiyamət silahı” adlandırdığı nüvə silahının Putinin son və ən yaxşı ümidi ola biləcəyini irəli sürsə də, Ağ Ev belə bir silahın hazırda işlək olmadığını açıqlayıb.

News24.az xəbər verir ki, dünya Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı çaşqınlıq içərisindədir. ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner dünən Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planlarını ehtiva edən məlumatların məxfiliyini ləğv etməyə çağırıb.

ABŞ kəşfiyyatı tərəfindən “ciddi milli təhlükəsizliyə təhdid” olaraq təyin olunan iddia dünya gündəmini bomba kimi vurdu. Bu gün İngiltərə mətbuatında yer alan təhlillərdə Rusiyanın kosmos hərəkəti "qiyamət ssenarisi" olaraq qiymətləndirilib.

Putinin yeni planının təkcə ABŞ və Avropanı deyil, Rusiyanın müttəfiqləri Çin və Hindistanı da dəhşətə gətirəcəyini iddia edən Dailymail qəzeti, qiyamət silahının bütün rabitə şəbəkələrini, hərbi müdafiə sensorlarını məhv edə biləcəyini və Yer kürəsində müasir həyatı demək olar ki, qeyri-mümkün edə biləcəyini yazıb. Kosmosda müharibə baş verərsə, partladılmış peyklərin hissələrinin Yerə düşmə riski böyükdür və bu hissələr əhalinin sıx məskunlaşdığı ərazilərə düşsə, nəticə dəhşətli olacaq. 

Qəzet, kosmosda başlanacaq müharibənin “dəlilik” olacağını yazaraq, Rusiya prezidenti Putinin “son və ən yaxşı ümid” olduğuna inandığı qiyamət silahını, təhlükə ilə üz-üzə qaldığı zaman qucaqlaya biləcəyini iddia edib. 

Günel Məlikzadə