Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
    • 16-02-2024, 12:03
    • 117

Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib

Milli Məclis Mülki Prosessual Məcəlləyə borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi ilə bağlı təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

News24.az-ın xəbərinə görə, parlamentin bugünkü plenar iclasında dəyişiklik barədə məlumat verilib.

Qeyd olunub ki, “İcra haqqında” qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatına məhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən baxıldığına görə, Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə əsasən “borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsinin əlavə edilməsi nəzərdə tutulur.

Qanuna həmçinin 231.3-1-ci maddə əlavə olunacaq. Burada isə  tələblərinə müvafiq olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətlərinin müəyyənləşməsi nəzərdə tutulur. 

Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təqdimatlar, o cümlədən qətnamənin icrasına möhlətin verilməsi və ya onun hissə-hissə icra edilməsi, icra üsulu və qaydasının dəyişdirilməsi haqqında ərizələrə daxil olduğu gündən 10 iş günü ərzində baxılması təklif olunur.

Dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. 

Fərid Azəri