-
- 22-02-2024, 17:17
- 231
Qlobal borc rekord həddə
Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.
News24.az xəbər verir ki, qlobal borcun məbləği 2022-ci ildə təxminən 7 trilyon dollar azaldıqdan sonra 2023-cü ildə 15 trilyon dollardan çox artıb. Beləliklə, yeni rekorda çataraq 313 trilyon dollar olub.
Qlobal borc artımının təxminən 55 faizi əsasən ABŞ, Fransa və Almaniyanın təsiri ilə inkişaf etmiş iqtisadiyyatlardan yaranıb. İnkişaf etməkdə olan bazarlarda borc yığılması daha çox Çin, Hindistan və Braziliyada cəmləşib.
Keçən il inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 208,3 trilyon dollar olaraq hesablandığı halda, inkişaf etməkdə olan bazarların borcu 104,6 trilyon dollar olaraq qeydə alınıb.
Borcların bölgüsünə baxıldığında, 2023-cü ilin sonuna qədər ev təsərrüfatlarının borcları 59,3 trilyon dollara, qeyri-maliyyə şirkətlərinin borcları 94,4 trilyon dollara, dövlət borcları 89,9 trilyon dollara, banklar kimi maliyyə şirkətlərinin borcları isə 69,4 trilyon dollara yüksəlib.
Günel Məlikzadə