Bu ailələrə “uşaq pulu” verilir - Say azaldılsın!
    • 27-02-2024, 13:36
    • 1 434

Bu ailələrə “uşaq pulu” verilir - Say azaldılsın!

Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.

News24.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir:

"Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da, belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması üçün çox vacibdir.

Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, SSRİ dağılandan sonra çoxuşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıyaalmada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr üstünlük təşkil edir: 557 min ailə.

6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır.

Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu, daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var.

Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı"./milli