İgid döyüşçümüzə medal təqdim edildi - FOTO
    • 20-04-2019, 20:53
    • 1 289

İgid döyüşçümüzə medal təqdim edildi - FOTO

Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hacıyev Qoşqar Zahid oğlu uzun müddət Türkiyə Respublikasının Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunduqdan sonra indi də respublikamızda müalicəsini davam etdirir. 2016-cı ildən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə uyğun istefaya buraxılmasına baxmayaraq Müdafiə Nazirliyi keçmiş döyüşçüdən diqqət və qayğısını əsirgəmir.

News24.az xəbər verir ki, bu gün Müdafiə Nazirliyin bir qrup hərbi qulluqçusu qazimizin müalicə olunduğu hospitala gedərək onu ziyarət edib, ailə üzvləri ilə görüşüb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ötən ilin baharında Ankaraya gedərək Qoşqar Hacıyevlə görüşmüş, müalicəsi ilə yaxından tanış olmuş əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani həmin görüşü xatırlayaraq bildirib ki, Qoşqar bir möcüzə və həkimlərin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib. “Düşmən gülləsindən ölməmişəmsə, deməli mənə ölüm yoxdur” - deyən yaralı əsgər, o vaxt tezliklə sağalıb ayağa durmaq və düşməndən intiqamını almaq arzusunda olduğunu demişdi.

Ali Baş Komandan adından Müdafiə nazirinin əmri ilə Q.Hacıyevin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilməsi xəbəri həm yaralı əsgəri, həm də ailə üzvlərini sevindirib. Əsgərin anası Pəri xanım oğlu yaralandığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu minnətdarlıqla nəzərə çatdırıb və deyib: “Doğrudur, oğlumun vəziyyəti olduqca ağırdır. Beyin daxilində hələ çoxsaylı qəlpələr var, ancaq ümidimizi üzmürük. Həkimlər də gecəli-gündüzlü oğlumun keşiyindədirlər. Ancaq biz belə diqqəti, qayğını görəndə təsəlli tapırıq. Oğlum istefaya buraxılsa da Müdafiə Nazirliyi onu unutmur. Bu bizə ürək-dirək verir. Nə etməli, Qoşqar öz sinəsini Vətənimizə tuşlanan güllələrə sipər edən oğullarımızdandır. Digər iki oğlum da hər an döyüşə hazırdır. Bu döyüş medalı isə oğluma xidmətdə verilən ən yüksək qiymət kimi bizi sevindirdi”.

Polkovnik Rauf Dəmirov Qoşqar kimi qorxmaz, igid oğul yetişdirdiyinə görə Pəri anaya təşəkkür edib. Qazimizin qardaşı Vüqar Hacıyev isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hücum əmri verilərsə qardaşının döyüşçü dostlarına qoşulub zəfər yürüşünə çıxacağı günü səbirsizliklə gözlədiyini bildirib.