Qərardan sonra benzin UCUZLAŞACAQ?
    • 1-03-2024, 13:02
    • 455

Qərardan sonra benzin UCUZLAŞACAQ?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

News24.az xəbər verir ki, qərarla bağlı danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu qərar aviakerasinə və Aİ95, Aİ98-ə aid deyil, qərar ancaq Aİ92 və dizel yanacağına aiddir:

"Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır, ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın. Yəni bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasın deyə belə bir qərar alınıb". 

Qumral