SSRİ əfsanəsi aradan götürülə bilər – “Ömrü uzun olmayacaq”
    • 7-03-2024, 16:00
    • 419

SSRİ əfsanəsi aradan götürülə bilər – “Ömrü uzun olmayacaq”

Rusiyalı şahmatçı Harri Kasparov ölkəsində terrorçuların siyahısına daxil edilib. O, bundan öncə Rusiyada xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimə edilib.

Maraqlıdır, onun terrorçuların siyahısına daxil edilməsi nə ilə bağlıdır? Rusiyanı əfsanəvi şahmatçı Harri Kasparov ilə bağlı narahat edən məqam nədir? Kasparov A.Navalnının siyasi varisidir?

News24.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Harri Kasparov Rusiya hakimiyyətinə qarşı mövqeyi ilə tanınır:

“O, peşəkar şahmatçı olsa da, təəssüf ki, uğurlu şahmat kariyerasını siyasi intriqalarla çirkləndirir. Bu şəxsin Qərblə, xüsusilə də agentura şəbəkələri ilə yaxın təmasları var.

Onu Kreml nəzdində təhlükəli edən əsas məqam isə Rusiya müxalifətinin keçmiş liderləri ilə yaxın dostluq münasibətinin olmasıdır. Navalnının ölümündən sonra növbəti hədəfin o olması gözlənilirdi. Düzdür, o, Navalnı qədər güclü olmasa da, idman sferasından qazandığı nüfuzu ilə sevilir, hörmət edilir.

Rusiya siyasətində bu tip idmançılar, mədəniyyət xadimləri iqtidara yaxın olur, amma Kasparov bu yolu getmədi. Onun Putin və hakimiyyəti ilə açıq konflikti Qərbin diqqətindən yayınmayıb. Qərblə təmasları, görünür, onu Rusiya nəzərində ciddi təhdid ünsürü halına gətirib. Hesab edirəm, Kasparov ölkəsində terrorçuların siyahısına daxil edilibsə, onun ömrü uzun olmayacaq. Putin ölkə daxilində və xaricindəki bütün ona müxalif şəxsləri bu və ya başqa formada susdurur. Kasparov da Navalnı kimi aradan götürülə bilər”.