-
- 7-03-2024, 21:44
- 347
Toyu olacaqdı, meyiti gəldi — Gənc oğlanın faciəli ölümünün TƏFƏRRÜATI
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü İzzət adlı şəxsin məhkəməsi başa çatıb.
News24.az Demokrat.az-a istinadla bildirir ki, Gəncə şəhər sakini İzzət 26 iyul 2023-cü ildə, saat 9 radələrində ayıq vəziyyətdə idarə etdiyi “NAZ Lifan 320” markalı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub. O, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərək Gəncə şəhəri, Atabəylər prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olan zaman piyada Rəşad Namazovu vurub. Ona xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İzzətin barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İzzət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 08.40-da evdən çıxaraq əmisinin yoldaşı Aygünü Gəncə şəhər Natəvan qəsəbəsində işlədiyi bağçaya düşürdükdən sonra evə qayıdarkən təxminən saat 9 radələrində Atabəylər küçəsində yerləşən “Şahzadə” şadlıq sarayının qarşısını bir qədər keçdikdən sonra, “Şahzadə” marketə çatmayıb: “Yolun hərəkət hissəsinin 1-ci zolağında piyada olduğunu gördüm. İkinci zolaqda hərəkət etdiyimdən siqnal verərək piyadaya ikinci zolağa keçməməsi üçün xəbərdarlıq etdim. Lakin sonradan adını bildiyim piyada Rəşad bir anda tərəddüd etmdşvə ikinci zolağa addımladı. Bu zaman çaşqınlıq içində qaldım və tormoz verərək maşını piyadadan necə çəkindirəcəyimi bilmədim. Artıq avtomobil piyadaya dəyən anda Rəşad Namazov avtomobildən yayınmaq üçün yerdən ayaqlarını qaldırdı və baş hissəsi avtomobilin damına, ön şüşəsinə dəydi. Nəticə Rəşad Namazovu vurdu. Rəşad maşından 5-6 metr irəli düşdü. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəldi və Rəşad Namazovu xəstəxanaya apardılar. Sonradan mənə məlum oldu ki, bütün səylərə baxmayaraq Rəşad Namazov xəstəxanada ölüb”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə törətdiyi minik avtomobilini iş yoldaşı olan avtomobil ustası ilə şərikli Kənan Abidov adlı Şəki rayon sakinindən alaraq təmir edərək satmaq istəyib: “Mənim sürücülük vəsiqəm olmayıb. Lakin avtomobil barədə sərəncam vermək hüququm ilə bağlı etibarnamə almışam. Avtomobili də mütəmadi idarə etmişəm. Sürücülük hüququmun olmamasının məsuliyyətə səbəb olması barədə məlumatım olub. Çünki, Rusiya Federasiyasında olarkən həmin dövlətin qanunvericiliyinə uyğun 3 illik müddətlə sürücülük vəsiqəsi almışam. Həmin vəsiqənin istifadə müddətinin qalan son bir il müddətində Azərbaycan Respublikasına gəlmişəm. Burada bir il sonra sürücülük vəsiqəmin müddəti bitdi. Bundan sonra da heç vaxt özümə sürücülük vəsiqəsi əldə etmək üçün müvafiq orqana müraciət etməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə törətdiyi avtomobili məlum baş vermiş hadisədən öncə iki dəfə idarə edib, avtomobilin texniki nasazlığından məlumatlı olub və təmir edərək nasazlığı aradan qaldırmağa çalışıb: “Lakin, avtomobil yenə də nasaz olub. Bu da hadisə vaxtı bütün texniki cəhdlərə müdaxilə etməyimə baxmayaraq, hadisənin qarşısını almasını qeyri-mümkün etdi. Hadisə vaxtı mənimlə piyadanın fikri eyni olduğu üçün hadisə baş verib. Mən piyadanı təxminən 50-60 metr məsafə qalmış görmüşəm. Həmin vaxtı idarə etdiyim avtomobilin surəti saatda təxminən 70-75 kilometr olub. Piyada Rəşad Namazova zolağa keçməməsi üçün xəbərdarlıq siqnalı vermişəm. Daha sonra əyləcə basmışam. Lakin təəssüf ki, yayına bilməmişəm, yol nəqliyyat hadisəsi ani baş verdiyi üçün əyləci sıxıb qarşı yola çıxaraq maşını çəkindirmək istəsəm də, heç bir nəticə olmayıb”.
İzzət deyib ki, bundan başqa hər hansı bir manevrlə hadisədən yayınmaq şansı olmayıb: “Rəşad Namazovu avtomobillə vurduqdan sonra düşərək sonuncunun yanına getdim. Onun xəsarət aldığını düşündüm, öz idarə etdiyi avtomobilimə qayıdaraq içərisində su olan butulkanı götürdüm. Rəşad Namazovun əl-üzünü yumaq istədim. Lakin həyəcanlı olduğum üçün su butulkasını tapa bilmədim və yenidən Rəşad Namazovun yanına qayıtdım. Onun burnundan qan axdığını görüb köməklik etməyə çalışdım və təcili tibbi yardım briqadası gələnə qədər Rəşad Namazovun yanında gözlədim. Həkim briqadası gəldikdən sonra isə sonuncunu xəstəxanaya apardılar. Mən isə polis əməkdaşları ilə getdim”.
İş üzrə zərərçəkmiş Rəşad Namazovun hüquqi varisi, anası Təranənin sözlərinə görə, oğlu Rəşadı hadisə günü, saat 9 radələrində işə yola salıb: “Oğlum getdikdən sonra ev işləri ilə məşğul oldum. Oğlum nişanlı olub. Bu yaxınlarda toyu da olacaqdı. Təxminən saat 10 radələrində qaynım Mürşüdün arvadı yanıma gələrək əri Mürşüdün öldüyünü deyib birlikdə xəstəxanaya getmələrini istədi. Mən də tələsik halda qaynım arvadı ilə Gəncə şəhərində yerləşən xəstəxanaya getdim. Xəstəxanaya çatdıqdan sonra orada Mürşüdü görərək təəccübləndim. Nə baş verdiyini soruşanda mənə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlum Rəşadın aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirdilər”.
Təranə Namazova bildirib ki, hadisəni törədən İzzəti əvvəllər tanımayıb: “İzzətin yaxınları hadisədən 3 ay müddətdən artıq vaxt keçdikdən sonra evimə gələrək onun bağışlamasını, ona köməklik etmək istədiklərini dedilər. Lakin, bununla razılaşmadım. Çünki həmin vaxt təqsirləndirilən şəxsin qohumu tərəfindən mənə xoş gəlməyən formada üzrxahlıq olub. Bundan başqa oğlumu itirməyim mənə çox ağır gəlib. Səbəb nə olsa da, təqsirləndirilən şəxsi bağışlaması mümkün deyil”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.