Ramazan matəm ayı deyil - toy da olar, amma...
    • 16-03-2024, 10:52
    • 347

Ramazan matəm ayı deyil - toy da olar, amma...

Mübarək Ramazan ayının fəzilətləri çoxdur. Amma nədənsə belə bir fikir var ki, bu ayda toy-nişan mərasimləri təşkil etmək məkruhdur. Ramazan boyu həqiqətən də Azərbaycanda şadlıq evləri faktiki bir aylığına bağlanır. Odur ki, məsələ ilə bağlı bir daha dini sahə üzrə mütəxəssis rəyi almaq qərarına gəldik. 

News24.az xəbər verir ki, araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, insanı ayaqda tutan ən böyük güc inancıdır: “Ramazan ayı hər şeyin Haqdan gəldiyinə bir daha tərəddüdsüz inandığımız mübarək aydır. Məhz iman da insanın gördüyünə və görmədiklərinə tərəddüdsüz inanmaqdır. Ramazan ayı min aydan daha xeyirli Qədr gecəsini özündə gizlətdiyi aydır. Bu gecə Allahın rəhmət qapısı sonunadək qulunun üzünə açılar. Artıq bir neçə gündür Azərbaycan xalqı bu mübarək ayın təntənəsini yaşayır. Allahdan oruc tutan bütün azərbaycanlı müsəlmanların ibadət və dualarının qəbul olunmasını diləyirəm. Ramazan ayında toy etmək məsələsi demək olar ki, hər il orucluq başlayanda gündəmə gəlir. Allah Ramazan orucunu tutan insanlara günün bəlli vaxtlarında halal olanlardan belə uzaq durmağı əmr edir.

Bu əmrlər insanın nəfsi ilə mübarizəsində ona qalib gələ bilməyin hikmətini öyrədir. Hətta ateizmin tüğyan etdiyi sovetlər zamanında belə insanlar toy etməkdən çəkinirdi. Nə qədər büruzə verə bilməsələr də, insanlar bu mübarək ayın əməllərinə xələl gətirə biləcəyindən çəkiniblər. İslam dini məsuliyyət məsələsini hər fərdin öz üzərinə qoyur, seçim azadlığı verir. Bu seçimlərin sonunda mükafatlandıracağı, yoxsa cəzalandırması Allahın təqdiridir. Əgər toy etmək istəyən insanlar bu məclisləri iftardan sonra keçirib, haramlardan da çəkinə biləcəklərsə, onların toy məclisləri keçirməsini kimsə qadağan edə bilməz. 

İnsanların çəkindiyi məsələ toy məclislərində süfrələrin harama bulaşması ilə bağlıdır. Bu haramlar isə təkcə Ramazan ayı üçün deyil, insan ömrünün bütün dönəmlərində keçərlidir".

Fuad Nurullayev: Dövlətimizin dəstəyini hər zaman hiss edirik - AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev da Oxu.az-a açıqlamasında deyib ki, toy etmək insanların şəxsi işidir: “Toy etmək insanların şəxsi işidir. Azad istəkdir. Biz ona müdaxilə edə bilmərik. Ramazan rəhmət və dua ayıdır. İnsanlarımız anlayırlar ki, Allaha məxsus olan bir aydır. Bu ayda ancaq ibadət, itaət və dualarla məşğul olurlar. Ona görə də yəqin toylarını, eyş-işrəti başqa aylara saxlayırlar. Bu, insanların öz ixtiyarındadır. Azad həyat tərzi ilə bağlı işlərə dini baxımdan müdaxilə etmirik”.

F.Nurullayev əlavə edib ki, toy etməmək dinlə bağlı bir məsələ deyil: "Müsəlman başa düşür ki, Ramazan ilahi mərhəmət ayıdır. İbadət etməli, duaları, yaxşı, Allahın bəyənəcəyi işləri çoxaltmalıdır. Yardımlaşmaq, paylaşmaq gərəkdir. Bu il Ramazan ayı Novruz bayramı ilə üst-üstə düşür. Novruz bayramı millidir. Onu qeyd etməkdə də heç bir məhdudiyyət yoxdur. O ki qaldı toy etməməyə, insanlar Ramazana da, Qurban bayramına da toylarını salmırlar, özlərinə xas olan işləri başqa aylara saxlayırlar. Toy etməməyin dinlə əlaqəsi yoxdur, yəni insanların şəxsi yanaşmasıdır. Adam var, Ramazanda oruc tutmur, yəni bu ayı adi günlər kimi yaşayır. Həmin adama da kimsə nə isə deyə bilməz. Özünü müsəlman bilən insan çalışır ki, oruc tutsun, sağlamdırsa, ibadət etsin. Savab qazansın. Dualar etsin. Allahın bərəkət və rəhmətinə qovuşa bilsin. Ramazanda əldə etdiyimiz savabı hər ay qazana bilmirik. Ona görə də bu fürsətdən yararlanmaq lazımdır".

Qeyd edək ki, mart ayının 11-i Ramazan ayı başlayıb. Aprelin 10-11-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.